“Cənubi Qafqazda baş verən son siyasi və iqtisadi proseslər göstərir ki, Azərbaycan artıq regionun sabitlik və əməkdaşlıq gündəliyini müəyyən edən əsas aktorlardan birinə çevrilib”.
Bu fikri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov bildirib.
O, qeyd edib ki, bu reallıq xüsusilə Avropa strukturları ilə əlaqələrin inkişaf dinamikasında özünü aydın şəkildə göstərir. “Bakıda keçirilən son görüşlər və aparılan müzakirələr də təsdiqləyir ki, Azərbaycanla Avropa arasında tərəfdaşlıq yeni mərhələyə daxil olur və bu proses həm regional təhlükəsizlik, həm də iqtisadi əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə səfəri zamanı mətbuata bəyanatında Avropa strukturları ilə dialoqun intensiv xarakter daşıdığını qeyd edərək, son dövrlərdə aparılan görüşlərin tərəflər arasında qarşılıqlı anlaşmanı daha da möhkəmləndirdiyini vurğuladı. Dövlət başçısının sözlərinə görə, yüksək səviyyəli qarşılıqlı səfərlər və davamlı siyasi dialoq iki tərəf arasında etimadın güclənməsinə və əməkdaşlıq gündəliyinin genişlənməsinə xidmət edir. Bu baxımdan Bakıda keçirilən görüşlərin təkcə diplomatik hadisə deyil, həm də gələcək əməkdaşlığın istiqamətlərini müəyyən edən mühüm platforma olduğu aydın görünür.”
Millət vəkili vurğulayıb ki, Azərbaycanın Avropa üçün strateji tərəfdaş kimi qəbul olunmasının əsas səbəblərindən biri enerji sahəsində əldə edilən uğurlardır. “Son illər həyata keçirilən enerji layihələri Avropa ölkələrinin enerji təhlükəsizliyində Azərbaycanın rolunu əhəmiyyətli dərəcədə artırıb. Xüsusilə 2022-ci ildə imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq sənədindən sonra Azərbaycanın qaz ixracı həm coğrafiya, həm də həcm baxımından genişlənib. Bu gün Avropanın bir sıra dövlətləri məhz Azərbaycan qazı hesabına enerji təminatını daha dayanıqlı şəkildə qurur. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Azərbaycan qazının artıq çoxsaylı ölkələrə çatdırılması ölkəmizin qlobal enerji bazarında mövqeyini gücləndirib. Boru kəmərləri vasitəsilə geniş coğrafiyaya qaz ixrac edən ölkələr arasında Azərbaycanın ön sıralarda yer alması, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynaması dövlətimizin strateji əhəmiyyətini daha da artırır. Bu faktor həm də Azərbaycanın beynəlxalq tərəfdaşlar üçün etibarlı və uzunmüddətli enerji təchizatçısı kimi qəbul olunduğunu göstərir. Enerji ilə yanaşı, təhlükəsizlik və nəqliyyat sahələrində əməkdaşlıq da diqqət mərkəzindədir. Xüsusilə Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında yeni logistika imkanları yaradır və Azərbaycan bu prosesdə əsas tranzit mərkəzlərdən biri kimi çıxış edir. Bu marşrutun genişləndirilməsi regionda iqtisadi aktivliyin artmasına və yeni ticarət əlaqələrinin formalaşmasına töhfə verəcək. Bununla yanaşı, bölgədə sülh gündəliyinin irəliləməsi də Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsinə təsir edən mühüm amillərdən biridir. Uzun illər davam edən münaqişə mərhələsindən sonra regionda yeni reallıqlar formalaşır və sülhə doğru atılan addımlar əməkdaşlıq imkanlarını genişləndirir. Artıq sülh şəraitinin yaratdığı imkanlar iqtisadi və nəqliyyat layihələrinin inkişafına da müsbət təsir göstərməkdədir. Bütün bunlar göstərir ki, Azərbaycan yalnız enerji təchizatçısı deyil, həm də regional sabitliyin təmin olunmasında mühüm rol oynayan məsuliyyətli dövlətdir. Ölkəmizin həyata keçirdiyi siyasət həm regional təhlükəsizliyin möhkəmlənməsinə, həm də qlobal əməkdaşlıq mühitinin genişlənməsinə xidmət edir. Azərbaycanın artan beynəlxalq nüfuzu və konstruktiv diplomatik fəaliyyəti isə onu Avropa və digər beynəlxalq aktorlar üçün daha da vacib strateji tərəfdaşa çevirir”.