ABŞ prezidenti İran rejiminə qarşı əməliyyatlar barədə danışaraq, hakimiyyət mənsublarını “dəli alçaqlar” və “şərəfsizlər” adlandırıb...
Poliqon xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp özünün Truth Social sosial şəbəkəsində paylaşım edib. O, İran hakimiyyətini sərt ifadələrlə tənqid edərək ABŞ ordusunun hazırda İranın hərbi imkanlarına qarşı genişmiqyaslı zərbələr endirdiyini bildirib.
Trampın sözlərinə görə, ABŞ hərbi qüvvələri İranın dəniz donanmasını, hava qüvvələrini, raket sistemlərini və pilotsuz uçuş aparatlarını məhv edir. O həmçinin qeyd edib ki, ABŞ əməliyyatları nəticəsində İranın bir sıra hərbi liderləri də zərərsizləşdirilib.
ABŞ prezidenti paylaşımında İran hakimiyyətini “terrorçu rejim” adlandıraraq onlara qarşı həyata keçirilən əməliyyatları müdafiə edib. Tramp bildirib ki, İran hakimiyyəti uzun illər ərzində dünyanın müxtəlif bölgələrində mülki insanlara qarşı zorakılıq həyata keçirib.
“Bu gün həmin dəli alçaqların başına nə gələcəyini görəcəksiniz. Onlar 47 il ərzində dünyanın müxtəlif yerlərində günahsız insanları öldürüblər və indi mən, ABŞ-nin 47-ci prezidenti kimi onları məhv edirəm. Bu, mənim üçün böyük şərəfdir”, deyə Tramp yazıb.
Bununla yanaşı, ABŞ mediası regiondakı vəziyyətlə bağlı fərqli qiymətləndirmələr təqdim edir. CNN telekanalının ABŞ kəşfiyyat məlumatlarına istinadən yaydığı xəbərə görə, hərbi əməliyyatların başlamasından təxminən iki həftə keçməsinə baxmayaraq, İran hakimiyyətinin yaxın zamanda çökməsi ilə bağlı əlamətlər müşahidə olunmur.
Analitiklər hesab edirlər ki, ABŞ və İran arasında artan hərbi qarşıdurma Yaxın Şərq regionunda təhlükəsizlik vəziyyətini daha da gərginləşdirə bilər. Regionda baş verən son hadisələr beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir və münaqişənin daha geniş miqyas alması ilə bağlı narahatlıqlar artır.
Poliqon.info