RU

Azərbaycandan İrana gözlənilməz QƏFİL JEST

Prezident İlham Əliyev Tehrana hansı siqnallar göndərdi?



Azərbaycanın İran İslam Respublikasına heç kəsin gözləmədiyi halda humanitar yardım göndərməsi şübhəsiz ki, regionda baş verən son gərginlik fonunda diqqət  çəkən əsas hadisələrdən biri oldu. Rəsmi Bakının bu addımı  bir tərəfdən humanitar dəyərlərin önə çəkilməsi kimi qiymətləndirilirsə, digər tərəfdən diplomatik balansın qorunmasına yönəlmiş strateji qərar kimi də şərh olunur. Xüsusilə də hadisədən bir neçə gün əvvəl İran ərazisindən Azərbaycanın Naxçıvan bölgəsinin dron hücumuna məruz qalması fonunda bu qərar geosiyasi müzakirələrə, mübahisələrə səbəb oldu. Amma müxtəlif baxışlara rəğmən əksər siyasi təhlilçilər hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə həyata keçirilən xoşməramlı yardım jesti ilk növbədə humanitar diplomatiyanın nümunəsi kimi təqdim olunmalıdır. Beynəlxalq münasibətlər təcrübəsində tez-tez rast gəlinən bir yanaşma var: dövlətlər siyasi və ya təhlükəsizlik məsələlərində fikir ayrılıqları yaşasa belə, humanitar məsələləri bu qarşıdurmalardan kənarda saxlamağa çalışmalıdırlar. Oturuşmuş dövlətlər tərəfindən dəstəklənən bu prinsip qlobal humanitar dəyərlərin uca tutulmasına xidmət edir və həmin ölkələrin beynəlxalq imicinə də müsbət təsir göstərir. Bu baxımdan Azərbaycanın da əsl oturuşmuş dövlətlərə xas xoşməramlı bu addımı regionda birmənalı olaraq humanist dəyərlərə sayğı nümayişi kimi qiymətləndirilməlidir.

 Rəsmi Bakıdan Tehrana növbəti dərs

“Biz bu dəfə də gərginliyi səngitməyə cəhd etdik.”


Digər tərəfdən, bu gedişin həm də diplomatik mesaj daşıdığı da qeyd olunmalıdır. Naxçıvan istiqamətində baş vermiş dron insidenti, ümumiyyətlə isə suverenlik, ərazi bütövlüyü, kənar hərbi müdaxilə kimi məqamlar Azərbaycan üçün ciddi təhlükəsizlik məsələsi hesab olunur və ölkəmizin “qırmızı xətləri” sırasında qiymətləndirilir. Hadisədən sonra İran prezidenti Məsud Pezişkianın Azərbaycan tərəfi ilə əlaqə saxlaması və insidentin araşdırılacağı barədə vəd verməsi rəsmi Bakının ötürdüyü mesajın düz ünvanına çatdığını və iki ölkə arasında diplomatik kanalların fəal işlədiyini göstərdi. Belə bir şəraitdə Azərbaycanın humanitar yardım göndərməsi gərginliyin eskalasiyasına yox, əksinə, sabitliyə üstünlük verdiyini nümayiş etdirən jest kimi də interpretasiya edilə bilər. Bu həm də Tehrandakı rejimə bir dərs oldu: biz bu dəfə də mehriban qonşuluq münasibətlətinə, humanitar dəyərlərə üstünlük verərək, bölgəmizdə gərginliyi səngitməyə cəhd göstərdik! İndi Azərbaycanın bu dəfəki jesti İranda lazımınca dəyərləndiriləcəksə nə gözəl, yox, əgər bunun qarşılığı yenə də hörmətsizlik olacaqsa o zaman dünya və region ölkələri Tehran siyasətçilərinin daha bir nanəcibliyinin şahidi olacaqlar. Bu hadisə həm də Azərbaycanın xarici siyasətində müşahidə olunan ənənəvi balanslı yanaşmanı əks etdirir. Rəsmi Bakı son illərdə regionda həm təhlükəsizlik məsələlərində prinsipial mövqe nümayiş etdirməyə, həm də qonşu dövlətlərlə münasibətləri kəskin qarşıdurma müstəvisinə keçirməməyə çalışır. Humanitar yardım qərarı bu strategiyanın davamı kimi də nəzərdə tutula bilərdi. Yəni Azərbaycan bir tərəfdən öz təhlükəsizlik maraqlarını qoruduğunu göstərir, digər tərəfdən isə regionda humanitar və diplomatik məsuliyyət daşıyan aktor kimi çıxış edir. Bununla yanaşı, hadisəyə daha realist və geosiyasi prizma ilə yanaşan analitiklər də mövcuddur. Onların fikrincə, belə addımlar yalnız humanizm deyil, həm də “realpolitik” elementlərini özündə ehtiva edir. Dövlətlər humanitar jestlər vasitəsilə beynəlxalq mövqelərini gücləndirə, gərginliyi yumşalda və qarşı tərəfə diplomatik siqnallar göndərə bilirlər. Bu baxımdan Azərbaycanın İrana humanitar yardım göndərməsi həm də regionda sabitliyin qorunmasına yönəlmiş rasional siyasi qərar kimi  dəyərləndirilməlidir.


Fikirlərimizi bir qədər də konkretləşdirərək sonda deyə bilərik ki, Azərbaycanın bu addımı bir neçə məna qatına malikdir. Bu, həm humanitar dəyərlərin nümayişi, eləcə də diplomatik jest, həm də regional sabitliyin qorunmasına və həmçinin də özünü müdafiə taktikasına yönələn ağıllı siyasi qərar kimi xarakterizə olunmalıdır. Müasir beynəlxalq münasibətlərdə belə addımların çoxqatlı xarakter daşıması isə tamamilə təbiidir. Azərbaycanın İrana humanitar yardım göndərməsi də məhz bu kontekstdə Bakının həm humanizm, həm sərt diplomatiya və eləcə də strateji balansın uğurla birləşdirmək bacarığını dünyaya nümayiş etdirdi.

QAFQAZ  CƏNUBLU

Избранный
25
manset.az

1Источники