BAKI, 13 mart. TELEQRAF
Kuba hökuməti yaxın günlərdə 51 məhbusun azadlığa buraxılması barədə qərar qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilir ki, qərar Kuba dövləti ilə Vatikan arasında mövcud olan möhkəm və çevik münasibətlər, eləcə də humanitar niyyət əsasında qəbul edilib. Qeyd olunur ki, azad ediləcək şəxslər cəza müddətlərinin böyük hissəsini artıq çəkiblər və həbsxanada nümunəvi davranış nümayiş etdiriblər.
Kuba XİN həmçinin xatırladıb ki, 2010-cu ildən bəri ölkə hakimiyyəti ümumilikdə 9 905 məhbusu əfv edib. Son üç il ərzində isə milli qanunvericiliyə uyğun olaraq daha 10 min nəfər müxtəlif şərtlərlə azadlığa buraxılıb.
Nazirlik vurğulayıb ki, bu qərar Kuba cinayət ədliyyəsi sistemində tətbiq olunan suveren və adi praktikalardan biridir və ölkə inqilabının humanitar yönümünü əks etdirir.