RU

Aİ Şurasının prezidenti Avropanın "yaşıl şirkət"lərinə çağırış etdi

Azərbaycanın bərpaolunan enerji sektoruna sərmayə qoymaqdan çəkinməyin 

Azərbaycan  Avropanın enerji təhlükəsizliyində mühüm rolu olan ölkələrdəndir. Qoca qitənin xüsusilə  qaza ehtiyacı var və bu baxımdan ölkəmiz  etibarlı  mavi yanacaq təchizatçısı kimi çıxış edir. Təsadüfi deyil ki, Azərbaycan Pan-Avropa qaz təchizatçısı  imicini qazanıb.

Azərbaycan-Avropa enerji əməkdaşlığı xüsusilə 2022-ci ildə  imzalanan Strateji Tərəfdaşlıq Memorandumu ilə zirvəyə çatdı. Belə ki, həmin  il iyulun 18-də  Bakıda Prezident İlham Əliyev və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen tərəfindən "Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" imzalandı. Bu memoranduma əsasən, Azərbaycanın Avropaya qaz tədarükünün 2027-ci ilə qədər ən azı 20 milyard kubmetrə çatdırılması hədəfləndi. Bununla Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi mövqeyi daha da gücləndi.

Təsadüfi deyil ki, cari  il  martın 11-də Prezident İlham Əliyevin Bakıda səfərdə olan Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta ilə söhbətlərində və hər ikisinin mətbuata bəyanatlarında bunlar bir daha vurğulanıb. Dövlətimizin başçısı  tərəfdaşlığın mühüm hissəsinin  hər zaman enerji sahəsində olduğunu və birmənalı şəkildə bundan sonra da belə olacağını  qeyd edərək deyib: "Bu, xüsusən də 2022-ci ildə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənədi Avropa Komissiyası ilə imzaladığımızdan sonra müşahidə olunur. Həmin vaxtdan etibarən biz həm həcm, həm də ölkələrin sayı baxımından Avropa ölkələrinə qaz ixracımızı artırmışıq. Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qazı qəbul edir və ölkələrin ümumi sayı 16-ya çatıb. Bu göstəriciyə görə, biz dünyada boru kəməri ilə qazı təchiz edən birnömrəli ölkəyik. On altı ölkə bu gün Azərbaycan qazını alır və beləliklə, bir çox ölkələrin enerji təhlükəsizliyində oynadığımız rol artır".

Prezidentimiz o faktı da nəzərə çatdırıb ki, bizim üçün Avropa bazarı artım potensialına malik ümumi qaz ixracımızın yarısını təşkil edir: "Elə bu ayın əvvəlində, biz "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının illik toplantısını keçirdik və bu tədbirə Azərbaycan və Avropa Komissiyası evsahibliyi edir. Orada öz nitqimdə mən auditoriyanı məlumatlandırdım ki, biz bu il qaz hasilatını artırmağı planlaşdırırıq. Biz qazı yeni yataqda hasil etməyə başlayacağıq. Bu gündən etibarən növbəti iki və ya üç il ərzində, - əgər hər şey cədvələ uyğun gedərsə, - bizim bugünkü həcmlə müqayisədə minimum 10 milyard kubmetr əlavə qazımız olacaq".

Azərbaycanın qaz ixrac etdiyi 16 ölkənin adlarını bir daha xatırladaq: Gürcüstan, Türkiyə, İtaliya, Bolqarıstan, Yunanıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya, Slovakiya, Ukrayna, Suriya, Almaniya və Avstriya. Bu, əlbəttə, son hədd deyil.

Avropa İttifaqi ilə enerji əməkdaşlığının digər bir istiqaməti isə bərpaolunan enerji ilə bağlıdır. Aİ ilə 2022-ci ildə imzalanmış  memoranduma əsasən, əməkdaşlıq yalnız qazla məhdudlaşmayıb, həmçinin bərpaolunan enerji və "yaşıl enerji" kabel layihələrini də strateji gündəmə daxil edib.

Yaxın illərdə gerçəkliyə çevriləcək "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsi hazırda dünyanın diqqət mərkəzindədir. Belə ki,  2022-ci il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. Bu sazişə əsasən yaradılan, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirən "yaşıl enerji dəhlizi" sözügedən dörd ölkənin təmiz və təhlükəsiz enerjinin ötürülməsi üzrə ortaq strateji baxışına əsaslanır. Ümumi uzunluğu 3 min kilometr olan dəhliz vasitəsilə "yaşıl enerji" Qara dənizin dibi ilə Avropaya ötürüləcək. Bu kabel vasitəsilə ildə təxminən 4 giqavat gücündə "yaşıl enerji"nin Avropaya nəqli planlaşdırılır.

Buna Azərbaycanın  "yaşıl enerji"  potensialı imkan verir. Odur ki, bu sahədə layihələr həyata keçirilir: "Külək, günəş və su-elektrik enerjisinə böyük sərmayələr yatırırıq. Planımız beş və ya altı il ərzində ixraca hazır olan 6-8 giqavatlıq bərpaolunan enerjiyə malik olmaqdır. Bir sözlə, hazırda biz Avropa tərəfdaşları ilə ötürülmə xətləri, dəniz dibi kabelləri, enerji infrastrukturunun digər fərqli hissələri üzərində çalışırıq. Bu gün gəldiyiniz zaman hər ikimiz Bakıda çox günəşli havanı qeyd etdik. Bahar gəlir. Əslində, düşünürəm ki, bizim burada 300-dən çox günəşli günümüz olur və ola bilsin, küləkli günlər daha çoxdur. Təsəvvür edə bilərsiniz ki, külək və günəş enerjisinin burada böyük potensialı var. Əlbəttə, biz daha sıx işləməyə çalışırıq, çünki Avropa qitəsinə daxil olmazdan əvvəl, siz bütün tranzit razılaşmaların icrası məqsədilə bir çox ölkələrlə işləməlisiniz", - deyə Prezidentimiz bildirib.

Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta bütün deyilən istiqamətlər üzrə ölkəmizdə gedən işlərdən məmnunluğunu ifadə edib: "Prezident Əliyevin söylədiyi kimi, enerji təhlükəsizliyi ikitərəfli əməkdaşlığımızın təməlini təşkil edir. Dörd il bundan əvvəl Versalda Avropa İttifaqı Şurası qaz, neft və kömürün təchizatı mənbələrinin şaxələndirilməsinə dair qərar qəbul etdi. Azərbaycan "Cənub qaz dəhlizi" sayəsində bu səylərdə həlledici rol oynadı. Bu gün nəticə göz qabağındadır. İrandakı müharibənin qlobal enerji bazarlarını sarsıtdığı bir vaxtda bizim enerji sahəsində hazırkı tərəfdaşlığımız heç zaman olmadığı kimi daha əhəmiyyətlidir".

A.Koşta Avropa İttifaqının Azərbaycanın enerji keçidini dəstəkləmək üçün özəl investisiyaları və maliyyələşməni səfərbər etməyə hazır olduğunu bildirib. O, həmçinin Avropanın təmiz texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlərini ölkəmizin  geniş planlarında daha fəal iştirak etməyə çağırıb.

Flora SADIQLI,

"Azərbaycan" 

Избранный
49
azerbaijan-news.az

1Источники