RU

Britaniya qoşunları İraqdakı bazaya yönələn İran dronlarını vurub

London, 13 mart, AZƏRTAC

Böyük Britaniyanın İraqda yerləşən hərbçiləri İran tərəfindən göndərilən iki pilotsuz uçuş aparatını vurublar.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Con Hili bildirib. Nazirin açıqlamasına görə, çərşənbə gecəsi baş verən hücum zamanı bəzi dronlar Ərbildə yerləşən koalisiya hərbi bazasına düşüb və nəticədə bir neçə ABŞ hərbçisi yaralanıb. Hadisə zamanı britaniyalı hərbçilər arasında xəsarət alan olmayıb.

Briqada generalı Qay Foden bildirib ki, Ərbil və İraqın paytaxtı Bağdadda yerləşən başqa bir baza bir neçə dəfə hücuma məruz qalıb. Onun sözlərinə görə, britaniyalı hərbçilər hazırda Ərbildə yerləşərək bazanın müdafiəsinə kömək edirlər. ABŞ və İsrailin İrana endirdiyi zərbələrdən sonra İraqdakı ABŞ hərbi bazaları cavab hücumlarının hədəfinə çevrilib.

Ərbildə yerləşən Qərb hərbi bazası ABŞ-nin nəzarəti altında olsa da, burada tez-tez britaniyalı hərbçilər də daxil olmaqla digər ölkələrin qüvvələri yerləşdirilir. Foden bildirib ki, britaniyalı hərbçilər düşərgəyə yaxınlaşan iki pilotsuz uçuş aparatını vurublar, lakin bir neçə dron yenə də bazaya düşə bilib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Избранный
43
5
azertag.az

6Источники