RU

Bakı-İrəvan sülh prosesində fərqli nüans bəyan edildi...



Elşən Manafov: “Gerçək sülh Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticələrindən asılı olacaq”

Azərbaycan və Ermənistan sülhə təkcə kağız üzərində nail olmayıb, o realdır. Bunu Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.

Prezident Əliyev onu da vurğulayıb ki, Ermənistanla sülh əbədi olaraq bağlanıb: “Biz 7 ay ərzində xüsusilə ticarətdə nəhəng potensial gördük. Biz sülhə yalnız kağız üzərində nail olmadıq, o realdır. Bəzən sülh sadəcə kağız üzərində qalır. Lakin bizim vəziyyətimiz fərqlidir, fəal irəliləyiş var. 2023-cü ilin sentyabrından Ermənistanla son qanlı hərbi toqquşmadan 2025-ci ilin avqustunda sülhə nail olmağımızdan iki ildən az vaxt keçir. Düşünürəm ki, əgər hər iki tərəf siyasi iradəni və sülhə sadiqliyini nümayiş etdirərsə, bu, dövlətlərin və xalqların barışığına dəlalət edən ən yaxşı göstəricidir”.

Sözügedən məsələni baki-xeber.com-a şərh edən politoloq Elşən Manafov hesab edir ki, hər iki tərəf münasibətlərin sülh müstəvisi üzərində aparılmasında maraqlıdır: “Trampın təşəbbüsü ilə yaradılmış Sülh Şurasının təsis tədbirində Ermənistanla münasibətlərin hazırkı durumuna münasibət sərgiləyən Prezidenti Əliyev "biz Ermənistanla sülh şəraitində yaşamağa alışırıq" deyib. Bununla Ermənistanla münasibətlərin perspektivinə optimist yanaşdığını vurğulayıb. Tərəflər arasında ticari, iqtisadi və logistika sahəsində münasibətlərin dinamikası göstərir ki, hər iki tərəf münasibətlərin sülh müstəvisi üzərində aparılmasında maraqlıdır. Bu isə münasibətlərin qarşılıqlı etimad və güvənə söykəndiyinin bariz göstəricisidir. Ermənistanla sülh müqaviləsinin mətni ratifikasiya edilmədən, müqavilə hüquqi çəkiyə minmədən tərəflərin logistik sahədə əməkdaşlığı, önəmli hadisədir. Azərbaycan dəmir yolu ilə Ermənistana yükdaşımaların bərpa edilməsi, bu yolla Rusiya və Qazaxıstandan taxıl daşımaları, neftimizin Ermənistana nəqli və s. rəsmi Bakının dayanıqlı sülhün bərqərar olmasında maraqlı olduğunu göstərir. Bununla belə gerçək sülhün bərqərar olacağı Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticələrindən asılı olacaq. Onlara isə Ermənistanın iqtisadi, sosial amilləri ilə yanaşı, bölgə ətrafında gedən geosiyasi proseslər də ciddi şəkildə təsir göstərə bilər. Paşinyana opponentlik edən radikal millətçi dairələrin Kilsə ilə ittifaqı, habelə seçkilərə müstəqil namizədlə qatıla biləcək oliqarxiyanın korporativ maraqları seçkiqabağı mühitin atmosferini hazırda əhəmiyyətli şəkildə Nikolun xeyrinə olmayaraq dəyişib”.

Vidadi ORDAHALLI

Избранный
93
baki-xeber.com

1Источники