RU

Paşinyan Konstitusiyanı dəyişməyə hazırdır, bəs Müstəqillik Bəyannaməsi?..- Sensasion reaksiya


Elçin Mirzəbəyli: “Nəzəri baxımdan bəyannamənin özündə dəyişiklik edilməsi və ya onun siyasi-hüquqi statusunun yenidən müəyyənləşdirilməsi məsələsi də gündəmə gələ bilər”

Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinadlar olmamalıdır. Musavat.com xəbər verir ki, bunu İrəvanda keçirilən brifinqdə baş nazir Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, Müstəqillik Bəyannaməsi “münaqişə məntiqi üzərində qurulub” və bu məntiq əsasında müstəqil dövlət qurula bilməz.

Xatırladaq ki, Azərbaycan Prezidenti sülh müqaviləsinin imzalanmasından öncə Ermənistan Konstitusiyasında əksini tapan ərazi iddialarının çıxarılmasını əsas şərt olaraq irəli sürmüşdü. Sonuncu dəfə cari ilin fevralında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil olunan debatda dövlət başçımız bu barədə qəti mövqeyini ifadə etmişdi. Prezident İlham Əliyev sülh sazişinin imzalanmasının birbaşa Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına son qoyulmasından asılı olduğunu bildirmişdi. Ölkə rəhbəri demişdi ki, Azərbaycan konstitusiyada dəyişiklik edilən kimi sülh müqaviləsini imzalamağa hazırdır.   

N.Paşinyanın açıqlaması Zəngəzur dəhlizi ilə bağlı razılaşmalardan sonra artıq daha bir ev tapşırığının icra olunacağını deməyə əsas yaradır. Sülh sazişinin imzalanmasına maneə qalmadı, deyə bilərikmi? Yoxsa Paşinyanı seçkilərdə bu mövqeyinə görə peşman edəcəklər? Həmçinin Müstəqillik haqqında bəyannamənin özündə necə, dəyişiklik tələbi gündəmə gələ bilərmi? Sabah başqa birisinin, revanşistlərin hakimiyyətə gəlişi ilə yenidən geridönüşün edilməsi də istisna edilə bilməz...

Deputat Elçin Mirzəbəyli Musavat.com-a bildirib ki, sülh gündəliyinin reallaşması üçün hüquqi və siyasi baryerlərin aradan qaldırılması həlledici əhəmiyyət daşıyır: “Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən səsləndirilən fikir bu baxımdan diqqət çəkir. Onun İrəvanda keçirdiyi brifinqdə Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinadların olmamalı olduğunu deməsi, İrəvanın mövqeyinin aydınlaşması baxımından ciddi siyasi siqnaldır. Paşinyan tamamilə doğru deyir ki, Ermənistanın Müstəqillik Bəyannaməsi “münaqişə məntiqi üzərində qurulub” və belə məntiq əsasında müstəqil dövlət qurmaq mümkün deyil. Bu bəyanat əslində Ermənistanın dövlət ideologiyasının təməlində yerləşən mühüm bir ziddiyyəti etiraf etmək anlamına gəlir. Məsələ ondadır ki, Ermənistan Konstitusiyasında istinad edilən Müstəqillik Bəyannaməsi yalnız dövlətin yaranmasını elan edən sənəd deyil; o, eyni zamanda Azərbaycan ərazilərinə qarşı irəli sürülmüş siyasi iddiaların ideoloji platforması kimi çıxış edib. Ermənistanın dövlətçilik konsepsiyası uzun müddət həmin bəyannaməyə əsaslanıb. Bu sənəddə Azərbaycanın tarixi və hüquqi ərazilərinə dair iddiaların dolayısı ilə legitimləşdirilməyə çalışılıb və nəticədə bu istinad Ermənistanın hüquqi sistemində potensial ərazi iddiası mexanizmini saxlayıb. Bu baxımdan, Azərbaycan ilə Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasına mane olan əsas faktorlardan biri məhz bu konstitusion istinaddır. Çünki bir tərəfdən sülh müqaviləsi dövlətlərin bir-birinin ərazi bütövlüyünü tanımasını tələb edir, digər tərəfdən isə Ermənistanın əsas qanununda həmin iddiaların hüquqi-siyasi kökü saxlanılır”. 

E.Mirzəbəyli bildirib ki, əgər yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad tam aradan qaldırılarsa, o zaman Ermənistanın hüquqi sistemində Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan mexanizm də faktiki olaraq ləğv edilmiş olacaq: “Bu isə sülh sazişinin imzalanmasına mane olan ən mühüm baryerin aradan qalxması deməkdir. Bu kontekstdə belə bir sual yaranır: Paşinyanın bəyanatından sonra artıq sülh sazişinin imzalanmasına maneə qalmadığını demək mümkündürmü? Nəzəri baxımdan, bəli. Əgər Ermənistan Konstitusiyasında münaqişə məntiqinə əsaslanan istinadlar aradan qaldırılarsa, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün hüquqi baza formalaşmış olacaq. Bu halda tərəflərin qarşılıqlı şəkildə ərazi bütövlüyünü tanıması və yekun sülh müqaviləsinin imzalanması üçün real imkan yaranır. Lakin bir məsələni də nəzərə almaq lazımdır: Ermənistan siyasətində artıq dəfələrlə müşahidə olunub ki, sülhə yönəlmiş addımlar revanşçı qrupların daxili siyasi müqavimətlə qarşılanın. Bu səbəbdən “Paşinyanı peşman edəcəklərmi?” sualı tam əsassız deyil. Ermənistan daxilində revanşist qüvvələr Paşinyanın Konstitusiya ilə bağlı təşəbbüsünü dövlət ideologiyasından imtina kimi təqdim etməyə çalışa bilər”. Deputatın sözlərinə görə, digər mühüm məsələ isə Müstəqillik Bəyannaməsinin özünün gələcəyidir: “Konstitusiyadan istinadın çıxarılması həmin sənədin hüquqi təsirini ciddi şəkildə zəiflədir. Lakin nəzəri baxımdan bəyannamənin özündə dəyişiklik edilməsi və ya onun siyasi-hüquqi statusunun yenidən müəyyənləşdirilməsi məsələsi də gündəmə gələ bilər. Bu addım Ermənistanın dövlət ideologiyasını münaqişə məntiqindən uzaqlaşdırmaq üçün daha ardıcıl yanaşma sayıla bilər. Çünki əgər sənəd dəyişməz qalarsa, gələcəkdə siyasi manipulyasiya üçün yenə istifadə oluna bilər. Bununla yanaşı, başqa bir real sual da mövcuddur. Sabah Ermənistanda hakimiyyət dəyişərsə, bu kurs geri çevrilə bilərmi? Yenə də nəzəri olaraq belə bir ehtimal mövcuddur. İstənilən ölkədə yeni hakimiyyət əvvəlki siyasi qərarları yenidən nəzərdən keçirə bilər. Lakin bu halda beynəlxalq hüququn və imzalanmış sülh müqaviləsinin mövcudluğu ciddi hüquqi məhdudiyyət yaradır”. 

Milli Məclis üzvü qeyd edib ki, əgər Ermənistan Konstitusiyasında ərazi iddiaları ilə bağlı istinad aradan qaldırılarsa və bundan sonra Azərbaycanla sülh müqaviləsi imzalanarsa, gələcəkdə həmin istinadın bərpası artıq təkcə daxili siyasi qərar olmayacaq: “Belə bir addım əslində yeni hüquqi-siyasi presedent yaradacaq: yəni Ermənistan yenidən Azərbaycana qarşı ərazi iddialarını bərpa etmiş olacaq. Bu isə beynəlxalq hüquqa, o cümlədən Birləşmiş Millətlər Təşkilatı çərçivəsində qəbul olunmuş prinsiplərə zidd bir vəziyyət formalaşdıracaq. Belə halda beynəlxalq hüququn nəzərdə tutduğu mexanizmlər, o cümlədən sülhə məcburetmə tədbirləri üçün legitim əsaslar yarana bilər. Başqa sözlə, gələcəkdə belə bir geridönüş cəhdi Ermənistanın özünü daha ciddi şəkildə beynəlxalq hüquqi və siyasi təzyiq altında qoyması ilə nəticələnə bilər. Paşinyanın səsləndirdiyi fikir əslində Ermənistan dövlətçiliyinin ideoloji əsaslarının yenidən nəzərdən keçirilməsinə işarədir. Əgər bu yanaşma real konstitusion dəyişikliklərlə müşayiət olunarsa, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olan əsas hüquqi baryer aradan qalxmış olacaq. Lakin proses yalnız hüquqi düzəlişlərdən ibarət deyil. Ermənistan cəmiyyətinin münaqişə məntiqindən imtina etməsi də eyni dərəcədə vacibdir”.

Elşad Paşasoy,
Musavat.com

Избранный
102
musavat.com

1Источники