RU

Koştanın Əliyevlə görüşündən sonra köhnə problem yenidən aktuallaşdı...



Vüqar Bayramov: “Aİ tərəfindən daha real addımların atılacağı və sərmayə qoyuluşunun genişlənəcəyi ilə bağlı ümidlər artır”

İki gün əvvəl Azərbaycana səfərə gələn Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta “X” sosial şəbəkəsindəki paylaşımında yazıb ki, Azərbaycan Avropa İttifaqı (Aİ) üçün əsas tərəfdaşdır. O, Azərbaycanla strateji tərəfdaşlığın vacibliyini vurğulayıb və qeyd edib ki, son bir ildə ölkənin Aİ ilə münasibətlərinə yeni təkan verilib.

“Biz təhlükəsizlik, energetika, rəqəmsal texnologiyalar və nəqliyyat sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiqik. Eyni zamanda sürətlə dəyişən geosiyasi vəziyyəti nəzərə alaraq son hadisələri müzakirə edəcəyik”, - deyə Aİ rəsmisi əlavə edib.

Maraqlıdır, bütün bunların fonunda, Avroittifaq nəhayət ki, Cənub Qaz Dəhlizi boru xəttinin genişləndirilməsi və daha çox qazın ötürülməsi üçün vəsait, kredit ayıracaqmı?

Sözügedən məsələni baki-xeber.com-a şərh edən millət vəkili Vüqar Bayramovun fikrincə, Cənub Qaz Dəhlizinin genişləndirilməsi prioritet məsələdir: “Həm Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasında, həm də Avropa İttifaqı Şurasının Prezidenti ilə bu məsələ müzakirə edildi. Çünki Azərbaycanın mavi qaz hasilatında artımlar müşahidə edilir. Bu isə ixrac imkanlarının daha da artması deməkdir. Bir tərəfdən “Abşeron”, “Ümid”, digər tərəfdən “Şahdəniz”in yeni mərhələsində mavi qaz hasilatının artacağı proqnozlaşdırılır. Bu da təbii ki, ixrac üçün yeni imkanlardır. Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyəti 31,5 milyard kubmetrdir. Bu kəmərin genişləndirilməsi və interkonnektor vasitəsi ilə infrastrukturun daha da əhatəli olmasına ehtiyac var ki, ixrac edilən qazın həcmini artırmaq mümkün olsun. Eyni zamanda Avropanın təbii qaza tələbatı artır. Ona görə də nəql imkanlarının və infrastrukturun genişləndirilməsinə ehtiyac var. Bu konteksdə son proseslər, xüsusən də regiondakı geosiyasi proseslər bu istiqamətdən Avropa İttifaqı tərəfindən daha real addımların atılacağı və sərmayə qoyuluşunun genişlənəcəyi ilə bağlı ümidləri artırır. Çünki praktik olaraq Avropa daha çox təbii qaz istəyir. Bunun üçün də investisiya qoyuluşlarının artırılması və CQD-nin ötürmə imkanlarının genişləndirilməsinə ehtiyac var”.

Vidadi ORDAHALLI

Избранный
60
baki-xeber.com

1Источники