RU

Koşta Bakıya niyə gəlmişdi? İran və Ukrayna müharibəsi fonunda Azərbaycan Avropanın diqqət mərkəzindədir

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta martın 11-də Azərbaycanda rəsmi səfərdə olub. O, Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşüb və mətbuata birgə bəyanatlarla çıxış ediblər. 

Avropa İttifaqı Şurasının Prezidentnin ölkəmizə səfəri bu təşkilatla Azərbaycan arasında münasibətlərin inkişafı baxımından necə dəyərləndirilir?

Mövzu ilə bağlı deputat Tural Gəncəliyev Redaktor.az-a bildirdi ki, Rusiya-Ukrayna, İran müharibəsinin getdiyi dövrdə, həm şimalda, həm də cənubda belə gərginlik olan bir vaxtda Koştanın Azərbaycana səfər etməsi onu deməyə əsas verir ki, Azərbaycan Avropa İttifaqı üçün fövqəladə dərəcədə önəmli oyunçuya çevrilib:

"Belə mürəkkəb kontekstdə Avropa İttifaqı prezidentinin — ümumiyyətlə, Avropa İttifaqından kənara çox səfər etmədiyini nəzərə alsaq — Azərbaycana gəlməsi onu göstərir ki, Avropa İttifaqı hazırda Azərbaycanın geosiyasi, geoiqtisadi və enerji təhlükəsizliyi sahəsində rolunu yüksək qiymətləndirir. Avropa İttifaqı Azərbaycan ilə ticarət tərəfdaşlığını strateji tərəfdaşlıq kimi dəyərləndirir. Artıq qeyd olunduğu kimi, Azərbaycan və Avropa İttifaqı arasında ticarət dövriyyəsində Azərbaycanın rolu çox böyükdür və Avropa İttifaqı ölkəmizin bir nömrəli iqtisadi ticarət tərəfdaşıdır. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında sənədi xatırlasaq, Ursula fon der Lyayenin Azərbaycana səfəri və enerji sahəsində tərəfdaşlıq memorandumunun imzalanması Avropa İttifaqı üçün Azərbaycanın nə demək olduğunu o vaxtdan göstərirdi. Avropa institutları daxilində Azərbaycana qarşı kampaniya aparan bəzi dairələrin və ermənilərə havadarlıq edən qüvvələrin güclü olmasına baxmayaraq, belə çətin bir vaxtda Antonio Koşta Azərbaycana səfər edirsə, bu bir daha təsdiq edir ki, Avropa İttifaqı artıq Azərbaycana və onun liderinə başqa bir gözlə, başqa bir strateji dəyərlə baxır".

Həmçinin o əlavə etdi ki, Avropa İttifaqının 10 üzvü ilə Azərbaycan enerji təhlükəsizliyi sahəsində çox yüksək səviyyədə əməkdaşlıq edir:

"On üzv ölkə Azərbaycandan qaz alır və ümumilikdə Azərbaycan qazının çatdırıldığı ölkələrin sayı 16-ya çatır. Eyni zamanda Avropa İttifaqının 27 ölkəsindən artıq doqquzu Azərbaycanla strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Bu da onu deməyə əsas verir ki, Avropa İttifaqının təxminən üçdə biri Azərbaycana daha böyük ümidlərlə və daha geniş strateji baxışla yanaşır. Təbii ki, Azərbaycanın bu geosiyasi və geoiqtisadi önəmi Orta Dəhlizi və Xəzər dənizini xüsusi əhəmiyyətli regiona çevirir. Avropa İttifaqının Mərkəzi Asiyaya və Çinə açılan qapılarından biri məhz Azərbaycandır. Eyni zamanda əks istiqamətdə də, məsələn, Çindən və Mərkəzi Asiyadan Avropaya çıxış qapısı hazırda əsasən Cənubi Qafqaz üzərindən, Azərbaycan vasitəsilə mümkündür. Çünki digər istiqamətlərdə müharibə gedir. Burada ənənəvi enerji daşıyıcıları ilə yanaşı alternativ enerji daşıyıcılarının da məhz Orta Dəhliz vasitəsilə Azərbaycan üzərindən keçməsi heç kimdə şübhə doğurmur. İranda müharibə başlayandan sonra Orta Dəhlizin hava məkanının Asiya ilə Avropanı birləşdirən yeganə təhlükəsiz məkanlardan biri olduğunu bütün dünya gördü.

Bu fakt bir daha təsdiq etdi ki, Azərbaycanın iştirakı olmadan dünya iqtisadiyyatının inkişafı və əsas iqtisadi arteriya sayılan Orta Dəhlizin fəaliyyəti mümkün deyil. Məhz bu səbəbdən Antonio Koşta Azərbaycana səfər etməyi qərara aldı, Azərbaycanın önəmini bir daha vurğuladı və enerji təhlükəsizliyinin Avropa üçün nə qədər vacib olduğunu qeyd etdi. Hazırda İranda gedən müharibə və Yaxın Şərqdə dünyanın əsas enerji marşrutlarından biri olan Hörmüz boğazının bağlanması ehtimalı Azərbaycanın əhəmiyyətini daha da artırır. Üstəlik Babül-Məndəb boğazı bağlanarsa və Qırmızı dənizə çıxış məhdudlaşarsa, bu vəziyyət dünya iqtisadiyyatı üçün ciddi fəlakət və tənəzzül deməkdir. Bu səbəbdən Avropada qərar verənlər və Avropa İttifaqının liderləri Azərbaycanın hazırda hansı strateji dəyərə malik olduğunu və dünya enerji təhlükəsizliyinin hansı risklərlə üzləşdiyini yaxşı anlayır. Məhz bu baxımdan uzun illərdir qeyd olunan bir məqam daha aydın görünür: Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfəsi indi daha böyük və strateji əhəmiyyət daşıyır".

Politoloq Əli Mustafa da saytımıza açıqlamasında qeyd etdi ki, Antonio Koştanın Azərbaycana səfər etməsi əhəmiyyətli hadisədir:

"Bildiyim qədər, Avropa İttifaqı Azərbaycanla bir sıra sahələrdə əməkdaşlığı dərinləşdirməkdə maraqlıdır. Konkret olaraq təhlükəsizlik, enerji və rəqəmsal sahədə əməkdaşlığı genişləndirmək istəyirlər. Eyni zamanda təhlükəsizliklə bağlı, sanksiyalarla əlaqədar məsələlərdə də müəyyən dialoq mühiti mövcuddur. Bundan başqa, Avropa İttifaqının digər ölkələrlə daha sıx əməkdaşlıq etmək üçün çərçivə sənədi üzərində işlədiklərini o bəyan edib. Azərbaycanın bir vaxtlar Avropa İttifaqı ilə əməkdaşlıqla bağlı müəyyən saziş və digər ideyaları var idi. İndi isə görünür ki, həmin təşəbbüslərin yeni bir versiyası hazırlanır və əməkdaşlığın baş tutması, eləcə də dərinləşməsi üçün müəyyən çərçivə sənədi üzərində iş gedir. Ola bilsin ki, bu məsələlər də müzakirə olunur. Düzdür, postsovet məkanında Avropa İttifaqına üz tutan dövlətlərə Rusiya həmişə qısqanclıqla yanaşıb və onlar üçün ciddi problemlər yaradıb. Bu gün Ukraynanın yaşadığı fəlakətlərin səbəblərindən biri də budur. Gürcüstan, Ermənistan və Moldova ilə bağlı da bu cür xoşagəlməz hallar ortaya çıxıb. Bu baxımdan, Azərbaycan daha səliqəli və məsafəli davranır. Digər oyunçuların narahatlığına səbəb olacaq və ya ölkəmiz üçün problemlər yaradacaq məsələlərdə Azərbaycan diqqətli mövqe tutur. Bu yanaşma anlaşılandır".

Politoloq nəzərə çatdırdı ki, bütün hallarda Avropa İttifaqı ilə əməkdaşlıq mövcuddur, xüsusilə enerji sahəsində:

"Azərbaycan Avropa İttifaqının ondan çox üzv dövlətinə qaz verir. Eyni zamanda Azərbaycan neftinin əhəmiyyətli hissəsi Avropa İttifaqına üzv ölkələrə satılır. Bu sahədə Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq mövcuddur. Hazırkı vəziyyətdən belə başa düşmək olar ki, Avropa İttifaqı bu əməkdaşlığı daha da dərinləşdirməkdə maraqlıdır. Koştanın da qeyd etdiyi kimi, enerji təhlükəsizliyi hər iki tərəfin marağında olan məsələdir. Yalnız üzv dövlətlər deyil, Avropa İttifaqı da bir qurum kimi Cənubi Qafqazla və Azərbaycanla əməkdaşlığa maraq göstərir. Bu, müsbət haldır və düşünürəm ki, Azərbaycanın maraqlarına da xidmət edir. Çünki Avropa ölkələri ilə Azərbaycanın artıq ciddi əlaqələri mövcuddur. Bu münasibətlərin Avropa İttifaqının özü ilə də inkişaf etdirilməsi həm təhlükəsizliyimiz, həm də suverenliyimizin möhkəmləndirilməsi baxımından əhəmiyyətli hadisədir. Böyük ehtimalla bu görüşdə də həmin məsələlər yenidən müzakirə olunub".

Nuriyyə NATİQQIZI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
23
1
redaktor.az

2Источники