RU

Miroslav Lajçak: BMT üzv dövlətlərin siyasi iradəsi olmadan qlobal problemləri həll edə bilməz

“BMT üzv dövlətlərin siyasi iradəsi olmadan qlobal problemləri həll edə bilməz”.

APA xəbər verir ki, bunu BMT Baş Assambleyasının 72-ci sessiyasının Prezidenti Miroslav Lajçak XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel müzakirəsində çıxışı zamanı deyib.

O bildirib ki, son illərdə BMT-yə qarşı tənqidlər artsa da, bu tənqidlərin böyük hissəsi ədalətli deyil: “Unutmaq olmaz ki, BMT qlobal hökumət deyil və üzv dövlətlərdən müstəqil şəkildə hərəkət edə bilməz. Bu təşkilat üzv dövlətlər üçün platforma və alətdir, həmçinin yalnız onların verdiyi mandat əsasında fəaliyyət göstərir”.

Lajçakın sözlərinə görə, əgər üzv dövlətlər daha güclü siyasi iradə nümayiş etdirsələr, BMT də daha effektiv fəaliyyət göstərə bilər: “Bu baxımdan təşkilatı bütün problemlərə görə günahlandırmaq düzgün yanaşma deyil”.

Çıxışında o, həmçinin BMT-nin mövcud güc arxitekturasının müasir reallıqları tam əks etdirmədiyini bildirib. Lajçak qeyd edib ki, yeni yüksələn güclər və regionlar kifayət qədər təmsil olunmur, eyni zamanda veto hüququnun bəzən sui-istifadə edildiyi hallara rast gəlinir.

Lajçak vurğulayıb ki, bu sistemi dəyişmək də məhz üzv dövlətlərin əlindədir və əsas islahatlar prosesi BMT-nin Baş Assambleyası çərçivəsində aparılmalıdır, çünki burada təşkilatın bütün 193 üzv dövləti təmsil olunur.

“Əgər islahat üçün doğru zaman varsa, bu məhz indidir. Sual BMT-nin gələcəkdə lazım olub-olmaması deyil, təşkilatın müasir çağırışlara necə uyğunlaşdırılacağıdır”, – o bildirib.

Избранный
39
3
apa.az

4Источники