RU

Aşağı keçid balları bəzi nüfuzlu ixtisasların dəyərini azaldır - ekspert

Bakı, 12 mart, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) kadr hazırlayan deyil, imtahan keçirən qurumdur. Bu səbəbdən DİM məsələyə kadr hazırlığı prizmasından yanaşmamalıdır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində təhsil eksperti Ramin Nurəliyev deyib.

Ekspert bildirib ki, kadr hazırlığı birbaşa ali təhsil müəssisələrinin vəzifəsidir: “Abituriyent universitetə qəbul olduqdan sonra seçdiyi ixtisas üzrə formalaşır. Sualların çətinliyi həmin şəxsin gələcəkdə necə mütəxəssis olacağına birbaşa təsir göstərmir. Məsələn, 500 bal toplayan abituriyent gələcəkdə 300 ballıq tələbədən daha zəif kadr ola bilər. Sualları çətinləşdirməklə daha savadlı kadr yetişəcəyini düşünmək yanlış yanaşmadır. Çünki suallar asan olduqda da savad nisbəti qorunur: hazırlıqlı abituriyent yenə yüksək, zəif olan isə aşağı nəticə göstərir”.

R.Nurəliyevin sözlərinə görə, suallar asanlaşdırılarsa, eyni sayda plan yeri dolsa da, ümumi bal göstəriciləri daha yüksək olar: “Məsələn, 62 mininci abituriyent 180 bal deyil, 350 balla universitetə qəbul ola bilər. Bu, həm ailələrdəki psixoloji gərginliyi azaldar, həm də gənclərin özünə inamını artırar. Aşağı bal toplamaq gənclərdə ruh düşkünlüyü və ciddi psixoloji problemlər yaradır”.

Ekspert vurğulayıb ki, aşağı keçid balları bəzi nüfuzlu ixtisasların dəyərini süni şəkildə aşağı salır: “Niyə inşaat mühəndisliyi kimi prestijli sahənin keçid balı 230, müəllimlik ixtisaslarınınkı isə 270-280 olmalıdır? Suallar asanlaşsa, bu rəqəmlər 400-450-yə qalxar və ixtisasın nüfuzu bərpa olunar. Eyni zamanda, müsabiqədə iştirak edən abituriyent sayının artması təhsil sistemində daha ciddi və sağlam rəqabət mühiti yaradar”.

 

Избранный
80
3
azertag.az

4Источники