Konkret.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Son vaxtlar Bakıda bəzi klinikalarda və fərdi kabinetlərdə “bioenerji” və ya “əl enerjisi ilə müalicə” adı altında xidmət göstərən şəxslərə rast gəlinir. Bu üsulların müxtəlif xəstəliklərin müalicəsində kömək etdiyi iddia edilsə də, onların tibbi baxımdan nə dərəcədə effektiv olduğu və elmi əsaslarının olub-olmaması cəmiyyətdə müzakirələrə səbəb olur. Bəs “əl enerjisi ilə müalicə”nin həqiqətən elmi əsası varmı?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən həkim-terapevt Günay Lətifova bildirib ki, “əl enerjisi ilə müalicə” kimi təqdim olunan metodların elmi izahı yoxdur.

Onun sözlərinə görə, müasir tibb daim inkişaf edir və yeni müalicə üsulları yalnız uzunmüddətli araşdırmalardan sonra tətbiq olunur:
“Ümumilikdə tibbin müəyyən inkişaf yolu və prinsipləri var. Tibb günü-gündən inkişaf edir, yeni metodlar ortaya çıxır. Amma hər hansı müalicə üsulu illərlə araşdırılır, elmi tədqiqatlardan keçir. Professorlar və mütəxəssislər bu sahədə işləyir, klinik sınaqlar aparılır və yalnız bundan sonra həmin metod rəsmi şəkildə təsdiqlənərək tətbiq olunur. “Əl enerjisi ilə müalicə” kimi yanaşmalar isə bu proseslərdən keçmir və onların elmi izahı yoxdur”.
Həkim qeyd edib ki, tarixən xalq təbabətində bitkilərdən və müxtəlif təbii vasitələrdən istifadə halları olub. Lakin enerji ilə müalicə kimi təqdim olunan üsullar elmi cəhətdən sübuta yetirilməyib.
“Bəzi hallarda bitkilərlə və təbii vasitələrlə bağlı müəyyən təcrübələr olub. Amma hər hansı enerji ilə müalicə metodunun elmi əsaslarla təsdiqlənməsi faktı yoxdur. Açığı, bunun elmi şəkildə təsdiqlənəcəyini də düşünmürəm”, – deyə həkim vurğulayıb.
Aynurə İsmayıl
KONKRET.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.