RU

Romano Prodi: “BMT artıq gücsüzdür – Qlobal idarəetmədə böhran dərinləşir”

İtaliyanın sabiq Baş naziri və Avropa Komissiyasının sabiq Prezidenti Romano Prodi XIII Qlobal Bakı Forumu çərçivəsində çıxış edib.

Musavat.com bildirir ki, sabiq Baş nazir qlobal idarəetmə və beynəlxalq nizamın bugünkü vəziyyətinə dair sərt və əhəmiyyətli açıqlamalar verib.

Prodi diqqətə çatdırıb ki, BMT, xüsusilə Təhlükəsizlik Şurası qlobal məsələlərin həllində təsir imkanlarını itirir və bu, beynəlxalq idarəetmə sistemində ciddi boşluqlar yaradır.

“1990-cı illərdən başlayaraq siyasi fəaliyyətim zamanı BMT-nin təsir imkanlarının tədricən azaldığının şahidi olmuşam,” – deyə Prodi bildirib.

Onun sözlərinə görə, təşkilatın baş katibləri bu qurumu gücləndirmək üçün əzmlə çalışsalar da, struktur və səlahiyyətlərdəki məhdudiyyətlər qərar qəbulunu əhəmiyyətli dərəcədə çətinləşdirib.

Prodi BMT-nin tarixi fəaliyyətini də xatırladıb:

“BMT bir çox mühüm məsələlərdə, xüsusilə dekolonizasiya prosesində və sülhməramlı missiyalarda, Afrikada baş verə biləcək faciələrin qarşısının alınmasında böyük rol oynayıb. Lakin böyük güclərlə bağlı əsas məsələlər Təhlükəsizlik Şurasına yönəldilib və burada veto hüququ qərarların effektivliyini məhdudlaşdırıb”.

Sabiq Baş nazir qlobal idarəetmədə daha geniş təmsilçiliyin və Qlobal Cənub ölkələrinin rolunun artırılmasının vacibliyini vurğulayıb. Lakin o qeyd edib ki, veto hüququ saxlanıldığı müddətcə, bu islahatlar real nəticə verməkdə çətinlik çəkəcək:

“Veto hüququ böyük problemlərdə əsas maneədir. Kiçik məsələlər BMT-yə həvalə olunur, böyük məsələlər isə Təhlükəsizlik Şurasına yönəldilir – bu əmək bölgüsü qlobal idarəetmədə ciddi tarazlıq problemi yaradır”.

Romano Prodi həmçinin Avropa İttifaqının qərar qəbuletmə mexanizmlərinə də toxunub və burada da oxşar struktur problemlərinin mövcud olduğunu qeyd edib:
“Avropa daxilində qərar qəbuletmə prosesində konsensus axtarışı çox vaxt gecikmələrə və effektiv qərarların qəbul edilməməsinə səbəb olur.”

Sabiq siyasətçi vurğulayıb ki, qlobal idarəetmədə böhran yalnız BMT ilə məhdudlaşmır: “Qlobal dünyada güc balansı pozulub, çoxtərəfli sistem zəifləyib və qlobal təhlükəsizlik məsələləri daha mürəkkəb hala gəlib. Bu vəziyyətdə həm regional, həm də qlobal təşkilatlar öz səlahiyyətlərini düzgün istifadə etməli və geniş təmsilçiliyi təmin etməlidirlər”.

Prodi çıxışını belə yekunlaşdırıb:

“BMT və onun Təhlükəsizlik Şurası tarixdə mühüm rol oynayıb, amma bu gün onların gücü azalır. Əgər qlobal idarəetmədə real dəyişikliklər baş verməsə, beynəlxalq nizam yox, beynəlxalq xaos daha çox özünü göstərəcək".

Xalidə Gəray
Musavat.com

Избранный
57
4
musavat.com

6Источники