RU

Həyat müasirləşir, amma insanlar yalnızlaşır

“Texnologiyanın sürətlə inkişafı insanların ümumi həyatını dəyişib”.

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri klinik psixoloq Xəyalə Xasməmmədli Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, müasir dövrdə insanlar arasındakı ünsiyyət də kifayət qədər azalıb:

“Düzdür, sosial şəbəkələrdən istifadə ünsiyyətə tez keçməni asanlaşdırır, ancaq hər şey göründüyü kimi deyil. Çox şey daha əlçatan olduğuna görüş canlı görüş artıq əvvəlki həyəcanını itirib. Bu səbəbdən də ətrafda çox sayda insan olmağına baxmayaraq, daxilində emosional boşluq hiss edənlərin sayı artmaqdadır”.

Ekspert qeyd edib ki, sosial şəbəkələrdə hər şey tamam fərqli görünür və real həyatı əks etdirmir:

“Sanki hər kəs aysberqin görünən tərəfinə baxır. Məsələnin özü isə belə deyil. Yəni kənardan baxan biri düşünür ki, hər kəs inkişaf edir, uğurlarını artırır, onda isə heç nə yolunda deyil. Bu öz növbəsində insanların özünü daha güvənsiz və dəyərsiz hiss etməsinə səbəb olur. Nəticədə, insan özünə qarşı tənqidi yanaşır, bu da müxtəlif psixoloji sıxıntıların yaranmasına gətirib çıxarır”.

Xəyalə Xasməmmədli onu da diqqətə çatdırıb ki, digərləri tərəfindən qəbul edilməmək, özünə güvənin azalması, anlaşılmama hissi də insanları cəmiyyətdən uzaqlaşdıra bilər:

“İnsanlar zamanla canlı ünsiyyətdən uzaqlaşaraq tənhalığa meyl edirlər. Həmçinin, insan zaman-zaman tənhalığa çəkilmə ehtiyacı duya bilər. Bu, normal haldır. Nəzərə almaq lazımdır ki, insan özü ilə qalaraq təkrar hisslərini, duyğularını anladıqca həyatına davam edir. Lakin bunun uzun zaman alması artıq narahatlıq siqnalı sayılmalıdır. Çünki uzun müddət tənhalıq insanı ağır depressiya və digər psixoloji pozuntulara məruz buraxa bilər”.

Həmsöhbətimiz vurğulayıb ki, hər kəs eyni yolda irəliləyə və ya eyni hədəfə çata bilməz:

“Hər bir şəxs individualdır və hamının öz düşüncəsi, öz həyatı və öz seçimləri olmalıdır. Kiminləsə müqayisə etmədən öz yolunda irəliləməyi bacarmaq lazımdır. Buna görə də digərləri kimi olmaq istəyi bizi bu individuallıqdan kənarlaşdırır və daxili boşluğa düşmə ehtimalını artırır. Unutmayın ki, hər zaman çıxış yolu var. Əgər özünüzü çox tənha hiss edirsinizsə, dəstək almağınız faydalı olar”.

"Cebheinfo.az"

Избранный
74
2
cebheinfo.az

3Источники