RU

Azərbaycanda rus kənd adları dəyişir – Bəs qalanları?

Milli Məclis yanında Toponimiya Komissiyasının iclasında Quba rayonu ərazisində üç kəndin adının dəyişdirilməsi ilə bağlı məsələ müzakirə olunub. İclasda Quba rayonunda Vladimirovka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Vladimirovka, həmçinin Alekseyevka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Alekseyevka və Timiryazev yaşayış məntəqəsinin adlarının dəyişdirilməsi müzakirə olunub. Müzakirələrin yekunu olaraq Vladimirovkanın Elbir, Alekseyevkanın Çinarlı, Timiryazevin isə Bəhrəli adlandırılmasına qərar verilib. Məsələ Milli Məclisin plenar iclasına təklif olunub.

Azərbaycanda
Ancaq təkcə bu kəndlər deyil, rus adı daşıyan başqa yerlər də var. Məsələn, Gədəbəyin İvanovka, Saratovka, İsmayıllının İvanovka kəndləri var. Onlar da dəyişməlidirmi?-
Mövzu ilə bağlı millət vəkili Tənzilə Rüstəmxanlı Musavat.com-a danışıb. Deputat deyib ki, Azərbaycanda ümumiyyətlə adların bərpası məsələsi zaman-zaman gündəmə gəlir: “Xüsusilə də sovet dövründə dəyişdirilmiş adların yenidən bərpa olunması məsələsi aktuallığını qoruyur. Əlbəttə, burada müəyyən fərqləndirmələr də olmalıdır. Məsələn, böyük yazıçıların, şairlərin adları ola bilər ki, saxlanılsın. Hətta rus ədəbiyyatının tanınmış nümayəndələri ilə bağlı belə nümunələr mövcuddur və onların adlarının qalması müəyyən hallarda başa düşüləndir. Lakin məsələ kəndlərimizə verilmiş adlara gəldikdə, vəziyyət bir qədər fərqlidir. Çünki vaxtilə həmin adlar dəyişdirilərkən o bölgəyə aid olan, həmin ərazinin tarixini və kimliyini özündə əks etdirən yerli adlar aradan qaldırılıb və onların yerinə başqa, daha çox rus mənşəli adlar verilib. Bu isə həmin yaşayış məntəqələrinin tarixi yaddaşının müəyyən mənada silinməsi demək idi. Məhz buna görə də belə adların aradan qaldırılması və tarixi adların bərpası vacib sayılır".
Tənzilə

Millət vəkili qeyd edib ki, bu məsələ təkcə Quba rayonu ilə məhdudlaşmır:

"Ümumiyyətlə Azərbaycanın müxtəlif rayonlarında vaxtilə bu cür ad dəyişiklikləri baş verib. Mən düşünürəm ki, bu istiqamətdə artıq xeyli işlər də görülüb və bir sıra yaşayış məntəqələrinin adları dəyişdirilərək onların tarixi adları bərpa olunub. Lakin buna baxmayaraq, hələ də belə nümunələr mövcuddur və onlar da mərhələli şəkildə dəyişdirilməlidir. Ümumiyyətlə, Azərbaycanın bəzi məsələləri var ki, onlara daha ciddi yanaşma tələb olunur. Məsələn, Bakının mərkəzi küçələrində gəzdikdə görürük ki, bir çox mağazaların adları ingilis və ya başqa dillərdə yazılıb. Bu adların bir qismi isə milli mənəviyyatımıza və mədəniyyətimizə uyğun olmayan sözlərdən ibarətdir. Bəzən hətta elə adlar qoyulur ki, onların mənası belə anlaşılmaz olur və sonra həmin sözlərin tərcüməsi ayrıca qeyd olunur.Təəssüf ki, biz bəzən kənardan gələn sözləri və adları çox tez qəbul edir və onları özümüzə uyğunlaşdırmağa çalışırıq. Halbuki bunun qarşısı müəyyən dərəcədə alınmalıdır. Dilimizin qorunması və təmiz saxlanılması məsələsi olduqca vacibdir. Bu istiqamətdə ölkə başçısı tərəfindən dəfələrlə ana dilimizin – Azərbaycan dilinin təmizliyinin qorunması, onun lüğət ehtiyatından səmərəli istifadə olunması ilə bağlı ciddi mesajlar verilib. Bütün bunları nəzərə alaraq demək olar ki, bu məsələ olduqca önəmlidir".

Tənzilə Rüstəmxanlının fikrincə, Milli Məclisdə də bu mövzuya ciddi yanaşılacaq və belə qərarlar yekdilliklə dəstəklənəcək:

"Eyni zamanda, yaxşı olardı ki, rayonlarda və kəndlərdə vaxtilə dəyişdirilmiş adların yenidən araşdırılması aparılsın və bir zamanlar dəyişdirilmiş kənd adlarının öz qədim adlarının bərpa olunması istiqamətində addımlar davam etdirilsin. Əgər bu proses artıq başlayıbsa, düşünürəm ki, onun davamı da olacaq və tarixi adların bərpası istiqamətində daha geniş addımlar atılacaq".

Xalidə Gəray
Musavat.com

Избранный
44
musavat.com

1Источники