“Təəssüflər olsun ki, bu cür dələduzlara insanlar inanmaqda davam edir. İnsanlar qeyri-müəyyən, mücərrəd, mistik şeylərə hər zaman meyilli olublar. Xüsusilə əhalinin müəyyən az informasiyalı təbəqəsi... Bu avantüristlər də hər zaman bundan reklam və ya digər yollarla sui istifadə ediblər”.
Bu sözləri Pravda.az-a açıqlamasında professor Adil Qeybulla deyib.
O bildirib ki, belə reallıqlar bu günə qədər də davam edir: “Çıxış yolu odur ki, müalicə vasitələrinin ölkədə reyestri olmalıdır. Yəni bilinməlidir ki, Azərbaycan ərazisində hansı müalicə vasitələrinin aparılmasına icazə var. Reyestrdən kənara kimsə çıxa bilməz. Bir də klinik protokollar tərtib edilməlidir. Məsələ bundan ibarətdir ki, başqa ölkədən gəlib Azərbaycan ərazisində işləyən şəxslər də lisenziya əsasında fəaliyyət göstərə bilərlər. Onlar özbaşına gəlib hansısa klinikada işləyə bilməzlər. Bu istiqamətdə klinikalar da məsuliyyət daşıyır. Xüsusilə bu cür hadisələr, təəssüf ki, özəl sektorda baş verir və özəl sektor bir tərəfdən tələb edir ki, onlara dövlət qayğısı olsun, digər tərəfdən də bu cür özbaşınalıqlar baş verir. Düşünürəm ki, bu məsələlərə çox ciddi yanaşılmalıdır, İnsanları aldatmaq, qazanc əldə etmək üçün olan avantürist addımlardır və təəssüf ki, hər zaman da xeyli auditoriya qazanır”.
Qeyd: Bakıda “Bİ ES VİP” estetik klinikasında xəstələri əl enerjisi ilə müalicə etdiyi deyilən özbək əsilli, “Bionurun sahibi” kimi tanınan İqbol Soliyev adlı “həkim”in qəbulu keçirilib. O, bioenerji və ya enerji terapiyası ilə məşğul olduğunu qeyd edib. Həkim qısa vaxtda polis tərəfindən saxlanılıb.
Şəhanə Quliyeva