RU

Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq genişmiqyaslı tərəfdaşlıq modelinə çevrilir-ŞƏRH

Bakı, 12 mart, AZƏRTAC

Son illər müşahidə olunan dinamika göstərir ki, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq təkcə iqtisadi və enerji sahələri ilə məhdudlaşmır, artıq təhlükəsizlik, nəqliyyat, rəqəmsal transformasiya və regional sabitlik kimi strateji istiqamətləri də əhatə edən genişmiqyaslı tərəfdaşlıq modelinə çevrilir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli söyləyib.

O bildirib ki, ticarət göstəriciləri də bu tendensiyanı aydın şəkildə təsdiqləyir. Cari ilin yanvar ayında Azərbaycanın ümumi ticarət dövriyyəsinin təxminən 50 faizi Avropa İttifaqı ölkələrinin payına düşüb. Bu fakt Avropa İttifaqının Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olduğunu göstərməklə yanaşı, iqtisadi əməkdaşlığın qarşılıqlı faydalı xarakterini də ortaya qoyur. Eyni zamanda, Azərbaycan şirkətlərinin Avropa iqtisadiyyatına yatırdığı sərmayələr ikitərəfli iqtisadi münasibətlərin artıq yeni mərhələyə – qarşılıqlı investisiya tərəfdaşlığı mərhələsinə daxil olduğunu göstərir.

Azərbaycan–Avropa münasibətlərində enerji sahəsi uzun illərdir əsas strateji istiqamətlərdən biri kimi çıxış edir. 2022-ci ildə Azərbaycan ilə Avropa Komissiyası arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında sənəd bu əməkdaşlığı yeni səviyyəyə qaldırıb.

Enerji əməkdaşlığının digər perspektivli istiqaməti isə bərpaolunan enerji sektorudur. Azərbaycan günəş və külək enerjisi potensialına görə regionun ən perspektivli ölkələrindən biridir. Qarşıdakı 5–6 il ərzində ixraca hazır olan 6–8 giqavatlıq bərpaolunan enerji gücünün yaradılması planı həm Avropanın enerji keçidi siyasəti, həm də qlobal iqlim gündəliyi ilə tam uzlaşır”, - deyə A.Kərimli vurğulayıb.

Nəqliyyat və Orta Dəhliz: qitələri birləşdirən strateji xətt

Deputatın sözlərinə görə, Azərbaycanın Avropa ilə əməkdaşlığında mühüm istiqamətlərdən biri də nəqliyyat və logistika sahəsidir. Xüsusilə Orta Dəhliz layihəsi Avropa ilə Asiya arasında alternativ və etibarlı nəqliyyat xətti kimi böyük strateji əhəmiyyət qazanır. Məlum olduğu kimi, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta da bəyanatında bu dəhlizin inkişafının Avropa ilə Asiya arasında ticarətin dayanıqlılığını artıracağını, yeni iş yerlərinin yaradılmasına və iqtisadi artıma töhfə verəcəyini vurğulayıb. Bakı–Naxçıvan dəmir yolu xəttinin tamamlanması isə regionda logistika xəritəsini dəyişə biləcək mühüm addımlardan biri hesab olunur. Bu kontekstdə Azərbaycanın geoiqtisadi rolu getdikcə artır və ölkə artıq yalnız enerji ixracatçısı deyil, həm də qlobal nəqliyyat və logistika qovşaqlarından biri kimi mövqeyini möhkəmləndirir.

Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişi də regionun inkişafı və yeni layihələrin həyata keçirilməsi üçün yeni imkanlar yaradır. Azərbaycanın artıq Ermənistana neft məhsulları tədarükünə başlaması və tranzit məhdudiyyətlərini aradan qaldırması rəsmi Bakı tərəfindən sülh gündəliyinə real töhfə verildiyini göstərir.

“Antonio Koştanın bu prosesi “tarixi əhəmiyyətli irəliləyiş” kimi qiymətləndirərək Avropa İttifaqının sülh razılaşmalarının həyata keçirilməsini dəstəkləməyə hazır olduğunu bəyan etməsi də Brüsselin Azərbaycanın irəli sürdüyü sülh gündəliyini dəstəklədiyini bildirir. Avropa İttifaqının Azərbaycanın təhlükəsizliyi və sabitliyi ilə həmrəy olduğunu bildirməsi isə tərəfdaşlığın yalnız iqtisadi deyil, siyasi və təhlükəsizlik ölçülərinə də malik olduğunu göstərir. Bütün bu amillər təsdiqləyir ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər artıq klassik tərəfdaşlıq modelindən çıxaraq daha geniş geosiyasi məzmun kəsb edir. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, rəqəmsal inkişaf, regional sabitlik və təhlükəsizlik sahələrində əməkdaşlıq bu münasibətlərin strateji xarakter aldığını təsdiqləyir.

2028-ci ildə Azərbaycanın Avropa Siyasi Birliyinin Zirvə Görüşünə ev sahibliyi edəcəyi də bu prosesin mühüm göstəricilərindən biridir. Bu fakt Azərbaycanın Avropa siyasi məkanında artan rolunun və beynəlxalq nüfuzunun bariz ifadəsi kimi qiymətləndirilə bilər”,- deyə deputat əlavə edib.

Избранный
37
50
azertag.az

10Источники