RU

Kartofun qiyməti niyə 2 manata qalxıb? - SƏBƏB BİLİNDİ

Son günlər bazarlarda kartofun qiymətində artım müşahidə olunur. Əvvəllər daha ucuz qiymətə satılan kartof hazırda bəzi yerlərdə 2 manata, hətta 2 manat 50 qəpiyə qədər yüksəlib. Qiymətlərdəki bu dəyişiklik alıcıların da diqqətindən yayınmayıb.

Day.Az xəbər verir ki, alıcıların sözlərinə görə, əvvəllər kartofun qiyməti əsasən 1 manat - 1 manat 10 qəpik arasında dəyişirdi. Bəzi hallarda isə 1 manat 50 qəpik civarında satılırdı. Hazırda isə bazarlarda kartofun qiyməti növündən və mənşəyindən asılı olaraq 2 manatdan başlayaraq 2 manat 50 qəpiyə qədər yüksəlir.

Satıcılar bildirirlər ki, son bir həftə ərzində kartofun qiyməti təxminən 50-60 qəpik artıb. Onların sözlərinə görə, qiymət artımının əsas səbəblərindən biri məhsulun bazara az daxil olmasıdır. Yeni mövsüm kartofunun bazara çıxması isə hələ tam başlamayıb.

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli bildirib ki, ötən ilin sonlarından etibarən Azərbaycandan xaricə kartof ixracı artıb. Lakin istehsal həcmi buna paralel şəkildə artmadığı üçün daxili bazarda müəyyən çatışmazlıq yaranıb.

Ekspert qeyd edib ki, qiymət artımına təsir edən digər amillərdən biri də regionda baş verən hadisələrdir. Onun sözlərinə görə, bazardakı kartofun təxminən 10-15 faizi əvvəllər İrandan gətirilirdi. İrandan məhsul idxalının azalması və bir müddət mal dövriyyəsinin dayanması nəticəsində Azərbaycana daxil olan kartofun həcmi azalıb və bu da qiymətlərə təsir göstərib.

Ekspert əlavə edib ki, qiymət artımının müvəqqəti xarakter daşıdığı ehtimal olunur. Yeni mövsümdə yerli kartofun bazara çıxması ilə qiymətlərin tədricən sabitləşəcəyi gözlənilir.

Elcan Turan
Day.Az

Избранный
38
day.az

1Источники