Bakı, 12 mart, AZƏRTAC
Martın 13-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Beynəlxalq “Qlaukoma həftəsi” çərçivəsində Azərbaycan Qlaukomatoloqlarının VII elmi-praktiki konfransı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycanla yanaşı, Türkiyə, Hindistan, İsveçrə, Böyük Britaniya, Sinqapur və Rusiyadan olan mütəxəssislər iştirak edəcək, həmçinin bəzi məruzəçilər tədbirə "Zoom" platforması vasitəsilə onlayn qoşulacaqlar.
Konfransın açılışını akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Elmar Qasımov edəcək.
Konfrans çərçivəsində qlaukoma sahəsində aktual mövzulara həsr olunmuş elmi məruzələr təqdim olunacaq. Bu məruzələr sırasında “Qlaukomada yeniliklər”, “Fərqli yaş qruplarında gözdaxili təzyiqin yüksəlməsinin mümkün səbəblərinin müəyyən edilməsi”, “Süni intellekt və qlaukoma”, “Refraktiv cərrahi əməliyyatlardan sonrakı qlaukoma”, “Vitrektomizə olunmuş pasiyentlərdə pars plana Baerveldt şuntunun implantasiyası: cərrahi nüanslar”, “PRK, LASİK və Femto-LASİK əməliyyatlarından sonra steroid mənşəli oftalmohipertenziya”, “Pars plana vitrektomiyadan sonra müxtəlif növ tamponadalar zamanı torlu qişanın qanqlioz hüceyrə layı qalınlığının dəyişikliklərinin dinamikası” və digər mövzular yer alacaq.
Konfransın keçirilməsində əsas məqsəd qlaukoma xəstəliyinin müasir diaqnostika və müalicə üsullarının müzakirəsi, bu sahədə əldə olunan son elmi nailiyyətlərin paylaşılması, həmçinin müxtəlif ölkələrdən olan mütəxəssislər arasında elmi və praktiki təcrübə mübadiləsinin aparılmasıdır.
Tədbir çərçivəsində qlaukomanın erkən diaqnostikası, müasir müalicə metodları, yeni texnologiyaların tətbiqi və oftalmologiya sahəsində innovativ yanaşmalar geniş müzakirə olunacaq.
Konfrans oftalmologiya sahəsində çalışan mütəxəssislər üçün yeni elmi biliklərin əldə edilməsi, müasir tibbi texnologiyalarla tanışlıq və beynəlxalq əməkdaşlığın inkişafı baxımından mühüm platforma rolunu oynayacaq.