RU

“Azərbaycanın təmkinli hərəkət etmək qabiliyyəti təqdirəlayiqdir” - VİYA BUŞA

Yazını böyüt
Yazını kiçilt

İran tərəfindən Naxçıvana dronlarla hücum hadisəsi dünyanın hər yerində ciddi etiraz yaratdı. Əksər ölkələr Azərbaycanla həmrəylik nümayiş etdirdi, İranın Azərbaycan əraziisnə dron hücumunu terror aktı olaraq dəyərləndirdi və sair. İran tək Azərbaycanın deyil, bütün qonşularının ərazisini atəşə tutur və hər dəfə də israr edir ki, onlar sadəcə həmin ölkələrdə yerləşən ABŞ və ya İsrailin bazalarını hədəf alırlar. Azərbaycanda ümumiyyətlə, xarici hərbi baza yoxdur. Hətta olsa belə, heç bir təhlükə törətmirlərsə, onlar İranın hücumuna məruz qala bilərmi? Nə haqla, hansı beynəlxalq qaydalara əsasən və hansı mənəvi əsaslarla?

Şimali Avropa Siyasət Mərkəzinin eksperti, Latviyanın Azərbaycandakı keçmiş missiya rəhbəri Viya Buşa Hafta.az-a müsahibəsində bu mövzulara toxundu:

- İndiki vəziyyət olduqca mürəkkəbdir, ona görə də həm müharibənin sonunu, həm də son nəticəsini proqnozlaşdırmaq praktik olaraq mümkün deyil. Əsas etibarilə, liderlərinin ölümündən sonrakı İran, Nikolas Maduronun ələ keçirilməsinə baxmayaraq rejimin davam etdiyi Venesuela vəziyyətinə bənzər bir vəziyyətə girir. Yeni lider Müctəba Xameneinin siyasi arenada meydana çıxması, İranda siyasətin din üzərində üstünlük qazandığını və mövcud rejimin hakimiyyətdə qalma ehtimalının güclü olduğunu göstərir.

Nəticə etibarilə, hazırda İranın ABŞ-nin tələblərinə güzəştə getməyə, təslim olmağa və ya hücumlara cavab verməyi dayandırmağa hazır olduğuna dair heç bir açıq əlamət yoxdur. Bu arada, ABŞ Prezidenti Donald Tramp ABŞ-nin İrana qarşı məqsədlərinə tam nail olana qədər hücumları davam etdirmək niyyətində olduğunu təkrarladı. Amma rejim dəyişikliyinə yalnız ABŞ və İsrailin hava hücumları ilə nail olmaq mümkün deyil. Əksinə, əsas sual İranın hələ də nə qədər hərbi resursa sahib olması və müqavimətini nə qədər davam etdirə biləcəyidir.

- İran müharibədə heç bir rol oynamayan qonşu ölkələrin ərazisinə dron hücumları edir, o cümlədən də Azərbaycana. Siyasi etika və diplomatik qaydalar baxımından İranın davranışını necə qiymətləndirərsiniz? Müqayisə üçün, 4 ildir Rusiya Ukraynaya qarşı müharibə aparsa da, Ukrayna heç vaxt hətta ərazisində Rusiya hərbi bazaları olan Belarusa hücum etməyib...

- Ümid edilir ki, İran hakimiyyəti Azərbaycana qarşı hücumun detallarını  araşdırmaq və bunun arxasında duran şərtləri aydınlaşdırmaq vədinə əməl edəcək. Yalnız bu halda sualın cavabı veriləcək. Azərbaycanın bu vəziyyətdə təmkinli və düşünülmüş şəkildə hərəkət etmək qabiliyyəti xüsusi olaraq təqdirəlayiqdir. Etirazını bildirməklə və cavab tədbirləri görməyə hazır olduğunu bildirməklə yanaşı, Azərbaycan eyni zamanda diplomatik kanallara və İranla dialoqa etibar edib.

Türkiyə, həmçinin potensial təhdidlərə qarşı praqmatik yanaşma nümayiş etdirib, İrana qarşı birbaşa hərbi cavabın regionda sülh və sabitliyi əhəmiyyətli dərəcədə təhlükə altına alacağını anlayışla qəbul edib.

- İran tərəfi bildirir ki, onlar ancaq qonşu ölkələrin ərazisindəki Amerika və İsrail bazalarını vururlar. Amma Azərbaycanda heç bir xarici hərbi baza yoxdur. Bu halda Naxçıvan hava limanını atəşə tutmasının gizli məqsədi nə ola bilər?

- Bu onu göstərir ki, İran rəhbərliyi parçalanmış vəziyyətdədir. Ona görə də Naxçıvana hücumlara səbəb ola biləcək daxili təxribatların olması ehtimalı istisna edilə bilməz. Buna baxmayaraq, hücumlara, mülki şəxslərə dəyən xəsarətlərə və mülki infrastruktura dəyən ziyana görə məsuliyyət nəticə etibarilə İranın üzərindədir.

- Naxçıvana hücumdan bir neçə gün əvvəl belə xəbər yayılmışdı ki, İran Bakı-Tbilisi-Ceyhan neft kəmərinə qarşı terror edə bilər. Sizcə bu baş verərdisə, bu, İrana qarşı əlavə beynəlxalq cəza tədbirinin görülməsinə qanuni səbəb ola bilərdimi?

- Daha vacib olan, bu cür terrorizm təhdidlərini və risklərini müəyyən etmək və qarşısını almaq bacarığıdır. Beynəlxalq hüququn pozulmasına gəldikdə, dövlətləri həm müharibə cinayətlərinə, həm də terror aktlarına görə məsuliyyətə cəlb etmək üçün kifayət qədər mexanizmlər mövcuddur. Bu, Ukraynaya qarşı beşinci ildir müharibə aparan Rusiyaya da aiddir. Təkrar edirəm ki, daha böyük prioritet sözdə kritik infrastruktura qarşı terror təhdidlərinin qarşısını almaq bacarığıdır.

- Naxçıvana dron hücumundan sonra dünyanın 60 ölkəsi, o cümlədən Latviya, İranın aqressiv hücumunu kəskin şəkildə qınadı. Amma qəribə hal yaşandı: İran XİN bəyanat verdi ki, onlar Azərbaycana dron atmayıblar, amma SEPAH-ın generalı hücumu İran etdiyini bildirdi. Sizcə, belə siyasət ünumiyyətlə, dünya üçün təhlükə deyilmi?

- Latviya İranın təcavüzkar hərəkətlərini qətiyyətlə pisləyib, bu cür davranışın regional təhlükəsizlik və sabitliyə xələl gətirdiyini bildirib, Azərbaycana dəstəyini və həmrəyliyini ifadə edib. Latviya, həmçinin Naxçıvana edilən pilotsuz təyyarə hücumlarını Azərbaycana qarşı yönəlmiş terror aktları kimi xarakterizə edib. Yaxın Şərqdə davam edən münaqişə və İranın zəifləməsinin gözlənildiyi nəzərə alınmaqla, digər ölkələrə hücumların, eləcə də ABŞ və İsrailin İrana qarşı hərəkətlərini dəstəkləyən dövlətlərdə terror hadisələrinin baş vermə ehtimalı istisna edilə bilməz. O cümlədən, Avropa da ayıq-sayıq olmalı, terrorizmin artmasının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməlidir.

- İranın müharibəni bütün regiona yaymaq cəhdi dünyanın diqqətini Ukraynadan yayındıra və Rusiyanın mövqeyni gücləndirə bilərmi?

- Yaxın Şərq müharibəsi, artıq Rusiyanın təcavüzü nəticəsində yaranan Rusiya-Ukrayna müharibəsinə təsir göstərir. Neft qiymətlərinin artması birbaşa Rusiyaya fayda verir, iqtisadi bərpanı dəstəkləmək və ordusunu gücləndirmək üçün əlavə resurslar təmin edir. Bununla da Ukraynadakı əməliyyatları uzatmaq şansı qazanır. Bu arada, qlobal diqqət Yaxın Şərqə yönəlib və Ukraynadakı müharibə daha az nəzərə çarpır. Hətta resurslar İrana yönəldikcə ABŞ-nin Ukraynaya hərbi dəstəyi azala bilər.

Amma eyni zamanda, müharibə ilə əlaqədar olaraq, Putin İranın dəstəyinin bir hissəsini itirə bilər. Moskvanın ittifaqlarının hər hansı şəkildə zəifləməsi Ukrayna münaqişəsindən qalib kimi çıxmaq çətinliyini artırır və potensial olaraq Putin rejimini zəiflədir. Lakin Rusiyada liderlik dəyişikliyi avtomatik olaraq demokratik qüvvələri cəlb etməyəcək və ya qonşu dövlətlərə qarşı təhlükəni aradan qaldırmayacaq.

Избранный
45
hafta.az

1Источники