Müqəddəs Ramazan ayında orucu pozan hallar mövzusu yenidən müzakirə edilir. Belə ki, xüsusilə tozun udulmasının orucu pozub-pozmaması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəzi din xadimləri bunu orucu pozan amillər sırasında göstərsə də, digərləri məsələyə fərqli yanaşmanın olduğunu bildirirlər.
Pravda.az-a açıqlama verən ilahiyyatçı Ağa Hacıbəylinin sözlərinə görə, orucu pozan əsas amillər yemək, içmək, cinsi münasibətdir.
O bildirib ki, müasir dövrdə bəzi maddələr də ortaya çıxıb: “Məsələn, vitaminli iynələrdən istifadə etmək orucu pozar, ancaq ağrıkəsici, əlbəttə, orucu pozmaz. Bir insan iş yerindən asılı olaraq, ola bilsin, daşlar, torpaq içərisində çalışır. Məqsədli şəkildə o tozu udmur, işi elədir. Orucu pozan amillər, məqsədli, hədəfli şəkildə prinsiplərin pozulmasıdır. Məsələn, qusmaq orucu pozmaz, ancaq məqsədli qusmaq orucu pozar. Əgər şəxs tozu məqsədli şəkildə ciyərinə çəkirsə, bu, onsuzda sağlamlığına zərərdir, olmaz. Ancaq adamın işi budursa, oradan ruzi qazanırsa, əlbəttə, orucu pozulmur. Həmçinin işi səbəbindən və orucu pozulmasın deyə qoruyucu maskalardan istifadə edəcək... Bu səbəbdən orucu pozan amillərin içərisində toz udmaq yazılmır. Sadəcə, əlavə bənd kimi göstərilir. Amma çalışıb uzaq olsaq, daha yaxşıdır”.
Şəhanə Quliyeva