RU

Gürcüstan azərbaycanlılarının dini-ideoloji cəhətdən Bakının dini konsepsiyasına deyil, Tehran modelinə istiqamətləndiyini görürük

Borçalıdakı azərbaycanlıların İrana dəstək aksiyası keçirməsi sıradan bir hadisə deyil. Belə ki, Gürcüstanda yaşayan bir qrup (təxminən 100 nəfərdən ibarət) azərbaycanlı gənclər Tbilisi şəhərində, İranın Gürcüstandakı səfirliyi qarşısında bu ölkəyə dəstək aksiyası keçirib, baş sağlığı verib və “Allahu əkbər, Xamenei rəhbər!” şüarı səsləndiriblər. Baş nazir İrakli Kobaxidze İran səfirliyinin qarşısında bir qrup Gürcüstan vətəndaşının bu ölkəyə dəstək aksiyası keçirməsinə qismən münasibət bildirib. Onun reaksiyasından belə görünür ki, hazırkı gürcü hökuməti bu cür aksiyaların keçirilməsinin əleyhinə deyil.

Jurnalist baş nazir İrakli Kobaxidze belə bir sual ünvanlayıb: “İran səfirliyinin qarşısında təxminən 100 nəfərin toplaşaraq müəyyən çağırışlar etməsi problem deyilmi? Yəqin ki, bu barədə məlumatınız var. Dövlət Təhlükəsizlik Xidməti bu məsələ ilə maraqlanmalı deyil?”. Baş nazir isə cavabında bunları qeyd edib: “Gürcüstan parlamentinin qarşısına da vaxtaşırı 100 nəfər toplaşır və Gürcüstan dövlətinin əleyhinə bəyanatlar verirlər. Hər şeyin idarə olunmağa ehtiyacı var”. Bu da o deməkdir ki, baş nazir bununla demək istəyir ki, siz bunda nə problem görürsünüzki? Yəni ki, onun fikrincə, Kvemo Kartlidən olan bir qrup Gürcüstan azərbaycanlısının bütün region üçün açıq təhlükə mənbəyi olan İranın fars-molla rejimini dəstəkləməsində sanki heç bir problem yoxdur.

Lakin gürcü baş nazir belə düşünməklə ciddi təhlükəni hiss etmir. Azərbaycan əsilli vətəndaşlar arasında İranın təsirinin güclənməsi və Gürcüstanda İran kəşfiyyatının gücünün artması real təhlükədir. Molla rejimi son onilliklərdə Gürcüstan azərbaycanlıları arasında məzhəbçilik müstəvisində geniş təbliğat aparıb və farsmərkəzli şiəçiliyi yaymaq istiqamətində çox ciddi nəticələr əldə edib. İranın teokratik-molla hökuməti uzun illər ərzində Gürcüstanda mədəniyyət mərkəzləri və məscidlərin maliyyələşdirilməsi vasitəsilə həm “yumşaq güc”, həm də təbliğat-casus şəbəkəsi formalaşdırmağı bacarıb. Və bu təsirin mənfi nəticələri, fəsadları artıq bugün özünü açıq şəkildə göstərməkdədir.

Son ABŞ-İran savaşının davam etdiyi günlərdə Marneuli və Qardabani bölgələrindəki bəzi qrupların fəallığının artması, eləcə də məscidlərdə Xameneinin portretlərinin peyda olması sadəcə lokal dini həmrəylik reaksiyası kimi qiymətləndirilməməlidir. Bütün bunlar onu göstərir ki, Gürcüstanın azərbaycanlı dini icması artıq xarici təsir alətinə çevrilməkdədir. İndiki halda “xarici təsir” deyərkən konkret olaraq İranın təsirini nəzərdə tuturuq. Çox təəssüf ki, keçmiş gürcü hökumətləri bu prosesə ciddi diqqət yetirməyib. Nəticə etibarilə, biz bu gün Gürcüstan azərbaycanlılarının dini-ideoloji cəhətdən Bakının dini konsepsiyasına deyil, Tehran modelinə istiqamətləndiyini görürük. Bu isə həm Gürcüstanın özü üçün, həm də bütövlükdə Azərbaycan və region üçün arzuolunan hal deyil. İranın Gürcüstan müsəlmanları üzərindən proksi güc formalaşdırması region üçün potensial təhlükə mənbəyinə çevrilə bilər.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Избранный
9
4
ictimairey.az

5Источники