RU

İTV Azərbaycanın “Avroviziya 2026”dakı təmsilçisi və mahnısı ilə bağlı iddialara münasibət bildirib

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 11 mart, AZƏRTAC

Azərbaycanın “Avroviziya 2026” Beynəlxalq Mahnı Müsabiqəsində təmsilçisinin müəyyənləşdirilməsi prosesi çoxmərhələli və peşəkar seçim əsasında həyata keçirilib. Bu yanaşma nümayəndə heyətinin 2023-cü ildən etibarən ardıcıl tətbiq etdiyi seçim modelinə uyğundur.

AZƏRTAC xəbər verir ki, bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, seçim mərhələsinə ümumilikdə 100 müraciət daxil olub və bu çərçivədə 186 mahnı təqdim edilib. Təqdim olunan mahnıların 107-si yerli müəllif və ifaçılar, 79-u isə xarici müəlliflər tərəfindən göndərilib. “İlkin mərhələdən etibarən seçim prosesi çərçivəsində JIVA-nın namizədliyi ekspertlər tərəfindən ayrıca nəzərdən keçirilib və onun 2025-ci ildə “Səs Azərbaycan” layihəsinin qalibi kimi əldə etdiyi uğur da qiymətləndirmədə nəzərə alınıb. Bu yanaşma onun artıq peşəkar səhnədə özünü təsdiqləmiş ifaçı olması, güclü canlı vokal imkanları və illərlə formalaşmış səhnə təcrübəsi ilə əsaslandırılıb. Digər müraciətlər peşəkar heyət tərəfindən qiymətləndirilib və növbəti mərhələyə 18 namizəd seçilərək dəvət olunub. Bu mərhələdə onlar üçün canlı dinləmələr və fərdi müsahibələr təşkil edilib. Namizədlərin vokal imkanları, səhnə təqdimatı, artistik ifadə üslubu və beynəlxalq auditoriya üçün potensialı xüsusi diqqətlə qiymətləndirilib. Dinləmələrin nəticəsində daha iki namizəd müəyyənləşdirilib və beləliklə, yekun qısa siyahı üç iştirakçıdan ibarət olub”, - deyə İTV-nin açıqlamasında bildirilib.

Açıqlamada qeyd edilib ki, yekun qərar xüsusi formalaşdırılmış fokus qrupunun və ekspert rəyinin nəticələri əsasında qəbul olunub: “Nəzərə alınan əsas meyarlardan biri də bu ildən etibarən “Avroviziya”nın yarımfinal mərhələsində münsiflər səsverməsinin yenidən tətbiq edilməsidir. Bu dəyişiklik fonunda güclü canlı ifa və sabit vokal imkanları xüsusi əhəmiyyət daşıdığı üçün seçim zamanı bu meyar əsas prioritetlərdən biri kimi nəzərə alınıb. Məhz bu baxımdan JIVA-nın namizədliyi daha qabarıq şəkildə önə çıxıb və o, Azərbaycanın 2026-cı il təmsilçisi kimi seçilib”.

İTV-nin açıqlamasında xatırladılıb ki, son günlər sosial şəbəkələrdə mahnı və onun müəllifi ilə bağlı müxtəlif iddialar, o cümlədən əsərin guya süni intellekt vasitəsilə yaradılması barədə fikirlər səsləndirilir. Daha sonra bildirilib: “Bu fikirlər həqiqəti əks etdirmir. “Just Go” peşəkar yaradıcı yanaşma əsasında hazırlanmış orijinal bir musiqi əsəridir və onun arxasında uzun illərə söykənən təcrübə, peşəkar bilik və yaradıcı əmək dayanır”.

Qeyd edək ki, 70-ci “Avroviziya” Mahnı Müsabiqəsi Avstriyanın paytaxtı Vyana şəhərində təşkil olunacaq və canlı şoular bu il mayın 12-si, 14-ü və 16-da keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
77
5
azertag.az

8Источники