RU

Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq müzakirə olunub

Mədəniyyət naziri Adil Kərimli Azərbaycanda səfərdə olan BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi Migel Anxel Moratinos və qurumun direktoru Nihal Saad ilə Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlığı müzakirə edib.

Bu barədə "Far.Az"a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tərəflər Prezident İlham Əliyevin təşəbbüsü ilə qlobal səviyyədə həyata keçirilən "Bakı Prosesi" çərçivəsində qurulmuş tərəfdaşlığın möhkəmləndiyini qeyd ediblər və cari ilin oktyabr ayında Bakı şəhərində keçiriləcək 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıqların gedişatını müzakirə ediblər.

Görüşdə, həmçinin 12–14 mart tarixlərində Azərbaycan Prezidentinin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək XIII Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb. Nazir Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığın inkişafına böyük önəm verdiyini bildirib.

Söhbət zamanı mürəkkəb geosiyasi şəraitdə mədəni diplomatiyanın və mədəniyyətlərarası dialoqun rolunun artırılması, həmçinin bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Избранный
19
far.az

1Источники