RU

“Epşteyn işi” üzrə ŞOK - 136 qadına 121 milyon dollar ödənilib

"Epşteyn işi" üzrə yeni detallar üzə çıxıb. Onun maliyyə işlərini idarə edən iki əsas fiqur – mühasib Riçard Kan və uzun illər şəxsi vəkili olmuş Darren İnduk ABŞ Konqresinə ifadə verməyə çağırılıb.

Musavat.com xəbər verir ki, Federal Təhqiqatlar Bürosu (FTB) agentləri 2019-cu ilin iyulunda Epşteyn uşaq cinsi istismarı ittihamı ilə həbs edilən gün onun Nyu-Yorkdakı malikanəsində axtarış apararkən böyük bir seyfi zorla açıblar.

Seyfdə brilyantlar, böyük məbləğdə nağd pul, pasportlar, CD-lər və sərt disklər aşkar edilsə də, orderlə bağlı texniki problem səbəbindən agentlər həmin əşyaları götürə bilməyiblər.

FTB sənədlərinə görə, agentlər yeni orderlə geri qayıdanda seyf artıq boş olub. Araşdırma zamanı məlum olub ki, Epşteynin uzun illər mühasibi olmuş Riçard Kan malikanə işçilərinə seyfdəki əşyaları iki çamadana yığaraq öz evinə aparmağı tapşırıb. Daha sonra o, əşyaları FTB-yə təhvil verməyə razılaşıb, lakin agentlərin evinə gəlməsini istəməyib və əşyaların çıxarılması barədə göstərişi kimin verdiyini açıqlamaqdan imtina edib.

Məlumata görə, Kan və Darren İnduk Epşteynin ölümündən cəmi 2 gün əvvəl onun vəsiyyətnaməsinə əsasən bütün əmlakının birgə icraçıları təyin olunublar. Epşteyn 2019-cu ilin avqustunda Nyu-York həbsxanasında məhkəməni gözləyərkən meyiti aşkar olunub. Ceffri Epşteynin sərvətinin dəqiq məbləği tam müəyyən edilməsə də, hüquq firmalarının məlumatına görə, onun ölümü zamanı əmlakının təxminən 635 milyon dollar olduğu güman edilir.

İddialara əsasən, vəkili və mühasibi bu əmlakın idarə edilməsinə və zərərçəkənlərə ödənilən kompensasiyalara nəzarət edirlər. Onların rəhbərliyi ilə yaradılan kompensasiya proqramı çərçivəsində 136 qadına ümumilikdə 121 milyon dollar ödənilib. Digər 59 iddia üzrə isə təxminən 48 milyon dollar məbləğində razılaşma əldə olunub.

Vircin adalarında açılmış məhkəmə işinin sənədlərində iddia edilir ki, vəkil və mühasib Epşteynin 140-a yaxın bank hesabının idarə edilməsində iştirak ediblər. Həmin sənədlərdə həmçinin qeyd olunur ki, bəzi şirkətlər Epşteynin qurbanlarına və yeni qurbanlar cəlb edən şəxslərə ödəniş etmək üçün istifadə olunub. Məhkəmə materiallarında vəkilinin diqqət çəkməmək üçün bank hesabından dəfələrlə kiçik məbləğlərdə nağd pul çıxardığı da iddia olunur. Sənədlərə görə, o, iki il ərzində 45 dəfə 7500 dollar məbləğində pul çıxarıb. Bu məbləğ bankların üçüncü şəxslər üçün müəyyən etdiyi maksimum limit hesab olunur. Bundan başqa, iddialarda Epşteynin şəbəkəsi tərəfindən xaricdən gətirilən qadınların ABŞ-də qalmasına şərait yaratmaq üçün “formal nikahlar” təşkil edildiyi də qeyd edilir. Məhkəmə sənədlərində bildirilir ki, bəzi hallarda bu nikahların təşkilində də hüquqi və maliyyə dəstəyi göstərilib. ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət Komitəsi Ceffri Epşteynin şəbəkəsinin maliyyə mexanizmini araşdırmaq üçün hər iki şəxsi ifadə verməyə çağırıb. Riçard Kan 11 martda, Darren İnduk isə 19 martda komitə qarşısında çıxış etməlidir. Komitə üzvü, konqresmen Suhas Subramanyam bildirib ki, Epşteynin maliyyə əməliyyatlarını və fəaliyyət mexanizmini anlamaq üçün ən vacib məlumat məhz bu iki şəxsdə ola bilər. Həm Kan, həm də İnduk Epşteynin cinayətlərindən xəbərdar olduqları və ya ona kömək etdikləri barədə iddiaları qəti şəkildə rədd edirlər. Onların vəkilləri bildirirlər ki, indiyədək heç bir məhkəmə bu şəxslərin qanunsuz fəaliyyətə cəlb olunduğunu təsdiqləməyib. Bununla belə, Epşteyn qalmaqalının qurbanları hesab edir ki, maliyyə və hüquqi sistem olmadan belə genişmiqyaslı şəbəkənin fəaliyyət göstərməsi mümkün olmazdı və bu məsələlər Konqres dinləmələrində aydınlaşdırılmalıdır.

E.Məmmədəliyev,
Musavat.com

Избранный
22
musavat.com

1Источники