RU

Avropa yeni dünya nizamına necə uyğunlaşır?

Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen bildirib ki, “qoca qitə” artıq keçmişdə qalmış və geri qayıtmayacaq köhnə dünya nizamının qoruyucusu ola bilməz. O və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə keçirilən Aİ diplomatlarının illik konfransındakı çıxışlarında xəbərdarlıq ediblər ki, beynəlxalq hüququn get-gedə daha çox pozulması səbəbindən ənənəvi dünya nizamı sürətlə dağılır və Avropa İttifaqı yeni “xaos və məcburetmə” dövrünə uyğunlaşmalıdır.

Onların bu fikirləri ABŞ və İsrailin İranla əməliyyatlar aparmağa davam etdiyi bir vaxta təsadüf edir. Hər iki siyasətçi hesab edir ki, Yaxın Şərqdəki gərginlik qlobal enerji bazarlarını sarsıdıb və Qərb müttəfiqləri arasında fikir ayrılığına səbəb olub.

Avropa Komissiyasının prezidenti səfirlərlə söhbətində Avropanın artıq köhnə dünya nizamının qoruyucusu ola bilməyəcəyini deyib: “Müttəfiqlərimizlə birlikdə qurduğumuz qaydalara əsaslanan sistemi həmişə müdafiə edəcək və dəstəkləyəcəyik. Lakin artıq maraqlarımızı qorumağın yeganə yolu kimi ona etibar edə və ya onun qaydalarının bizi üzləşdiyimiz təhdidlərdən qoruyacağını güman edə bilmərik”.

Fon der Lyayen bildirib ki, hazırkı “köklü dəyişikliklər dövründə” Aİ seçim qarşısında dayanıb: uzun müddətdən bəri formalaşmış “vərdişlərə və inanclara” sadiq qalmaq, yoxsa “fərqli bir tale” qurmaq. “Bizi blok daxilində daha güclü, qlobal miqyasda daha nüfuzlu və dünya ölkələri üçün daha yaxşı tərəfdaş edəcək bir xarici siyasət qura bilərik. Avropada müstəqilliyin təməlini təşkil edən, maraqlarımızı qoruyan və dəyərlərimizi təbliğ edən xarici siyasət! Köhnə dünyadan nostalji və ya kədərlə deyil, yeni dünya formalaşdırmaqla ayrılmalıyıq”.

Kaya Kallas isə dörd il əvvəl Rusiyanın Ukraynaya tammiqyaslı hücumunu “beynəlxalq hüququn aşınmasına” və “güclə məcburetmə siyasətinin” geri qayıtmasına səbəb olan fəlakət kimi dəyərləndirib: “Bu, diqqətdən kənarda qalmadı, əksinə, bütün dünyaya artıq hərəkətlərinə görə heç bir məsuliyyət daşımamağa dair bir siqnal oldu: formalaşmış qaydalar kitabı sanki pəncərədən çölə atıldı. Beynəlxalq hüquq sistemini və hesabatlılıq mexanizmlərini bərpa etmədən qanunsuzluğa, iğtişaşlara və xaosa məhkumuq”.

Qeyd etmək lazımdır ki, nə Fon der Lyayen, nə də Kallas İrana qarşı hücumları beynəlxalq hüquqa zidd hərəkət hesab edərək birbaşa qınamayıblar. Avropa Komissiyasının rəhbəri bildirib ki, Aİ “real vəziyyəti” nəzərə almalı və “dünyanı olduğu kimi” görməlidir.

Budur, Aİ diplomatlarının konfransında blokun xarici siyasətinin yenidən nəzərdən keçirilməsi məsələsi qaldırılıb. Fon der Lyayen və Kallas faktiki razılaşıblar ki, Aİ bir tərəfdən, müdafiə və çəkindirmə qabiliyyətlərini əhəmiyyətli dərəcədə gücləndirməli, digər tərəfdən isə, rəqiblərin istifadə etməyə çalışa biləcəyi hər hansı bir zəifliyi aradan qaldırmaq üçün ticarət və təhlükəsizlik sazişləri şəbəkəsini genişləndirməlidir.

Fon der Lyayen əlavə edib ki, Aİ geosiyasi təsirini gücləndirmək üçün daxili qərar qəbuletmə qaydalarında da dəyişiklik etməlidir. Hazırda blokun xarici siyasəti yekdiillik prinsipi ilə ciddi şəkildə bağlıdır, yəni 27 üzv dövlət hərəkət etməzdən əvvəl ortaq fəaliyyət kursu barədə razılığa gəlməlidir. Lakin fərdi vetolar əhəmiyyətli çəkiyə malikdir. Brüssel rəsmilərinin fikrincə, bu, Aİ-nin yavaş qərar qəbul etməsini və qlobal səhnədəki zəif mövqeyini şərtləndirir. Brüssel hazırda Macarıstanın üzv dövlətlərin Ukraynaya verməyə razılaşdığı 90 milyard avroluq kreditə son anda veto qoyması ilə mübarizə aparır. Fon der Lyayen bir daha bu çıxılmaz vəziyyətdən çıxış yolu tapacağına söz verib. Çünki onun sözlərinə görə, “Avropa İttifaqının etibarlılığı təhlükə altına düşür”.

O bildirib: “Müasir dünyada xarici siyasətimizə, onun necə inkişaf etdirildiyinə və necə həyata keçirildiyinə ayıq və sərt bir baxışımız olmalıdır. Müharibədən sonrakı sabitlik və çoxtərəflilik dünyasında hazırlanmış doktrinamızın, təsisatlarımızın və qərarlarımızın ətrafımızda baş verən dəyişikliklərin sürətinə uyğun olub-olmadığını təcili olaraq nəzərdən keçirməliyik. Əgər daha real və maraqlara yönəlmiş xarici siyasətə ehtiyacımız olduğunu düşünürüksə, onda onu həyata keçirə bilməliyik”.

Fon der Lyayen etiraf edib ki, blok nə qədər islahatlar aparsa, müdafiəyə sərmayə qoysa və tərəfdaşlarını şaxələndirsə də, ambisiyaları həmişə məhdud olacaq.

Avropa Komissiyasının prezidenti yekun olaraq bildirib: “Etiraf etməliyik ki, bütün qlobal problemləri həll edə və ya hər bir konkret halda dəyərlərimizi və maraqlarımızı mükəmməl şəkildə uyğunlaşdıra bilmərik. Lakin xarici siyasətimizin nəyə əsaslandığını və onu necə apardığımızı mütləq idarə edə bilərik”.

Paşa ƏMİRCANOV
XQ

Избранный
15
1
xalqqazeti.az

2Источники