Azərbaycanda boşanmaların səbəbləri və aliment məsələsi İTV-nin “Sabaha saxlamayaq” verilişində müzakirə olunub.
QHT.az xəbər verir ki, verilişdə çıxış edən Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli bildirib ki, cəmiyyətdə bəzən boşanmaların aliment almaq məqsədi ilə baş verdiyi barədə yanlış fikir formalaşır. Onun sözlərinə görə, belə yanaşma doğru deyil və Azərbaycan qadınlarına qarşı haqsız münasibət kimi qiymətləndirilməlidir. Ekspert qeyd edib ki, aparılan müşahidələr boşanmaların arxasında daha çox erkən nikahlar, ailədaxili ciddi problemlər və narkomaniya kimi mənfi halların dayandığını göstərir:
"Aliment uşağın saxlanılması üçün nəzərdə tutulan sosial təminatdır və bu vəsait şəxsi xərclər üçün nəzərdə tutulmur. “Aliment qadının şəxsi istəkləri üçün deyil, uşağın saxlanılması və ehtiyaclarının təmin edilməsi üçün verilir. Ailə Məcəlləsinin 75-ci maddəsinə və Nazirlər Kabinetinin 98 saylı qərarına əsasən, aliment uşağın sosial təminatıdır və məhkəmə qaydasında təyin edilir. 2026-cı ildə yaşayış minimumu 260 manat müəyyən edilib. Tərəflərin rəsmi gəliri olmadıqda bu məbləğ əsas götürülə bilər. Əgər valideyn rəsmi şəkildə işləyirsə, qanunvericiliyə əsasən bir uşaq üçün maaşın 25 faizi, iki uşaq üçün 33 faizi, üç və daha çox uşaq üçün isə 50 faizi aliment kimi tutulur".
Verilişdə üç QHT rəhbərinin iştirakı ilə aliment və boşanma mövzusu ətrafında geniş müzakirələr aparılıb. Verilişi təqdim olunan link vasitəsilə izləmək mümkündür.
Pərvanə Fərhadqızı