Bakı, 11 mart, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Türkiyənin təşəbbüsü və Azərbaycanın həmtəşkilatçılığı ilə BMT-nin Qadınların Statusu üzrə Komissiyasının 70-ci sessiyası çərçivəsində təşkilatın İqtisadi və Sosial Şurasında (ECOSOC) keçirilən yan tədbirdə çıxış edib.
Komitədən AZƏRTAC-a verilən məlumata görə, B.Muradova qadınların ədalətə çıxış imkanlarının texnoloji vasitələrlə genişləndirilməsinin beynəlxalq səviyyədə müzakirəsinin böyük əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, hüququn mövcudluğu ilə yanaşı, ona real çıxışın təmin olunması vacibdir. O, ədalətə çıxışın yalnız hüquqi mexanizm deyil, eyni zamanda, inkişafın, təhlükəsizliyin və insan hüquqlarının əsas şərtlərindən biri olduğunu deyib.
B.Muradova Azərbaycanda qadınların zorakılıqdan müdafiəsi və ədalətə çıxışının gücləndirilməsi istiqamətində hüquqi və institusional mexanizmlərin təkmilləşdirildiyini, qanunvericiliyin beynəlxalq öhdəliklərə uyğunlaşdırıldığını, mühafizə orderləri və sosial dəstək mexanizmlərinin genişləndirildiyini qeyd edib.
O bildirib ki, rəqəmsal ədalət əlçatanlıq, təhlükəsizlik, məxfilik və insan mərkəzli yanaşma prinsiplərinə əsaslanmalı, süni intellekt və avtomatlaşdırılmış sistemlərin tətbiqində gender həssaslığı və qərəzsizlik təmin edilməlidir. Əlavə edib ki, əks halda alqoritmik qərəz mövcud bərabərsizlikləri dərinləşdirə bilər. Komitə sədri çıxışının sonunda vurğulayıb ki, ədalətin gələcəyi texniki baxımdan rəqəmsal olsa da, mahiyyət etibarilə etik prinsiplərə və insan hüquqlarına əsaslanmalı, tətbiq olunan texnologiyalar isə inklüziv olmalı və yeni rəqəmsal uçurumlar yaratmamalıdır.