RU

ABŞ-Azərbaycan Ticarət Palatası 30 yaşında - YENİLƏNİB

Yazını böyüt
Yazını kiçilt

ABŞ-nin paytaxtı Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuş “Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət və Biznes Gündəliyi: Bazarların Birləşdirilməsi - Gələcəyin Qurulması” adlı beynəlxalq konfrans keçirilib.

Hafta.az xəbər verir ki, konfransda Ağ Ev, ABŞ Dövlət, Ticarət departamentinin təmsilçiləri, Azərbaycanın dövlət rəsmiləri, ABŞ İxrac-İdxal Bankı (EXIM), ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC) və ABŞ Ticarət və İnkişaf Agentliyinin (USTDA) yüksək vəzifəli nümayəndələri iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən palatanın icraçı direktoru Natiq Baxışov ABŞ-Azərbaycna Ticarət Palatasının yaranmasından və 30 ildə əldə etdiyi nailiyyətlərdən danışıb və bildirib ki, iki ölkə həm də bu gün gələcəyə ortaq öhdəliyini bir daha təsdiqləyir. O, əlavə edib ki, ABŞ-Azərbaycan Ticarət Palatası tərəfdaşlıq, dialoq və imkanlar üçün vasitəçi kimi xidmət etməyə davam edəcək və ölkələrimiz arasındakı iqtisadi əlaqələrin gələcək onilliklərdə böyüməsini, inkişaf etməsini və uğur qazanmasını təmin edəcək.

Daha sonra çıxış edən palatanın Direktorlar Şurasının sədri Rza Vəziri bildirib ki, 30 il əvvəl Azərbaycanın müstəqillik qazanmasından sonra Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasındakı münasibətlər yeni formalaşmağa başlayırdı və o dövrdə iki ölkə, özəl sektor arasında körpü qurmaq və uzunmüddətli iqtisadi əlaqələri inkişaf etdirmək kimi aydın bir vizyon var idi. Rza Vəziri bildirib ki, ortaq maraq, etimad və fürsətə əsaslanan əməkdaşlıq son 30 ildə güclü və davamlı tərəfdaşlığa çevrilib və palata bu sahədə qürurla platforma kimi xidmət edib.

Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim ABŞ-Azərbaycan Ticarət Palatasının Ümummilli Lideri Heydər Əliyevin dəstəyi ilə yaradıldığını vurğulayıb. O bildirib ki, palatanın missiyası iki ölkə arasında daha geniş iqtisadi və biznes əməkdaşlığını araşdırmaq və asanlaşdırmaq, siyasi münasibətlərini tamamlamaqdır. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə son səfəri ikitərəfli əlaqələri və palatanın rolunu daha da gücləndirib. Daha sonra tədbir “İkitərəfli ticarət və strateji tərəfdaşlığın gücləndirilməsi” mövzusunda sessiya ilə davam edib.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib ki, otuz il əvvəl Amerika şirkətləri Azərbaycanın enerji sektorunun inkişafında əsas rol oynayıblar. O, bildirib ki, bu gün tərəfdaşlığın növbəti mərhələsini yazmaq, əməkdaşlığı enerjidən texnologiyaya, infrastruktura, logistikaya, sənaye inkişafına və rəqəmsal transformasiyaya genişləndirmək fürsəti var. Nazir müavini vurğulayıb ki, əsas məqsəd ölkələrimiz arasındakı güclü siyasi impulsu konkret investisiya layihələrinə, daha dərin iqtisadi əməkdaşlığa və uzunmüddətli strateji tərəfdaşlığa çevirməkdir.

ABŞ Ticarət katibinin Sənaye və Təhlükəsizlik üzrə müavini Ceffri Kessler iki ölkə arasındakı münasibətlərin əvvəlkindən daha güclü olduğunu deyib və təkcə son bir ildə ABŞ-nin Azərbaycana ixracının 54 faiz artdığını vurğulayıb.

ABŞ Dövlət katibinin enerji və kritik minerallar üzrə köməkçisinin müavini Reqqi Sinx çıxışında bildirib ki, Prezident Trampın Prezident İlham Əliyevlə 8 avqustda keçirdiyi tarixi sülh sammiti sayəsində iki ölkə arasında münasibətlər ağlasığmaz səviyyədə dəyişib. O, bildirib ki, Cənubi Qafqazda sülhün açarlarından biri Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunun yaradılması olub və bunun uzun müddət bağlı olan regional ticarət yollarını bərpa edəcəyini diqqqətə çatdırıb. SOCAR-ın prezidenti Rövşən Nəcəf SOCAR-ın ABŞ-dəki layihələrə çıxış əldə etməkdə və onlarda pay əldə etməkdə çox maraqlı olduğunu deyib və ABŞ-də bir neçə tərəfdaşla aktiv müzakirə aparıldığını söyləyib.

Milli Məclisinin Beynəlxalq əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, bütün bu müsbət dinamika iki ölkənin birlikdə quracağı yolun sadəcə başlanğıcıdır.

Daha sonra tədbir federal qurumların təmsilçiləri, biznes nümayəndələri, Azərbaycan rəsmilərinin iştirakı ilə ikitərəfli əlaqələrin müxtəlif aspektləri əhatə edən digər panel müzakirlərlə davam edib./azertag/

Избранный
57
1
hafta.az

2Источники