RU

Xarici ölkələrdə işləyən Azərbaycan vətəndaşları pensiyanı necə alacaqlar? - İZAH

Xaricdə işləyən və sosial sığorta ödənişlərini başqa ölkənin büdcəsinə yönəldən Azərbaycan vətəndaşlarının gələcəkdə ölkəmizdə pensiya hüququnun necə təmin olunacağı suallar doğurur.

 

Ölkədən kənarda yaşayan vətəndaşlar Azərbaycanda pensiyaya çıxmaq istəyən zaman hansı meyarlar əsas hesab olunur?

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən hüquqşünas Aysel Süleymanovun sözlərinə görə, şəxs xaricdə yaşayıb Azərbaycanda pensiya almaq istəyirsə, bunun bir neçə şərtləri var: “Azərbaycanın bəzi ölkələrlə sosial təminat müqaviləsi var. Türkiyə, Rusiya, Qazaxıstan, Belarusiya və digər MDB ölkələri ilə müqavilə mövcuddur. Bu halda şəxs rəsmi şəkildə həmin ölkələrdə müqavilə ilə işləyirsə, sosial ödəniş edirsə, ölkə özü pensiyanı verir. Məsələn, şəxs həmin ölkədə 15 il işləyib, buna görə oranın pensiyasını alır. Pensiya bölüşdürülür, batmır.  Azərbaycanda da nə qədər işləyirsə, məsələn, qalan 10 ili də burada işləyirsə, bu illər üçün də Azərbaycanda pensiya alır. Faktiki olaraq şəxs Avropa ölkələrində işləyirsə, artıq həmin ölkə pensiya verir. Azərbaycanda həmin şəxsin sosial ödənişi yoxdursa, pensiya almaq hüququ da yoxdur”.

 

A.Süleymanova Azərbaycanda pensiya almaq üçün əsas şərtləri açıqlayıb: “Minimum sığorta stajı və ya pensiya kapitalı olmalıdır. Faktiki olaraq sosial sığorta haqları və qeyd etdiyim kimi, həmin ölkə ilə müqavilə varsa, o ölkə ilə bölüşdürülmək şərti ilə pensiyanı ala bilər. Azərbaycanda kifayət qədər kapital stajı yoxdursa, əmək pensiyası verilmir, yalnız gələcəkdə həmin şəxs sosial müavinət ala bilər. Xarici ölkədə pensiya hüququ qazanıbsa, həmin ölkədə də pensiya ala bilər. Pensiya hüququ əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Burada da xarici vətəndaşların pensiya almaqları ilə bağlı maddələr var. Xaricdə işləyən Azərbaycan vətəndaşlarının pensiya hüququ harada və necə sığorta haqqı ödənilibsə, ona uyğun da pensiya ala bilir. Qısacası, biz Azərbaycanda bu gün pensiya almaq istəyiriksə, ya 25 il stajımız olmalıdır, ya da Azərbaycan vətəndaşı olaraq sosial müavinət alırıq. Faktiki olaraq özümüz də pensiya kapitalını artıra bilərik”.

 

“Ekspert-SM LTD” MMC-nin hüquqşünası Nigar Mustafayeva Pravda.az-a bildirib ki, xaricdə daimi yaşayan və rəsmi işləyən Azərbaycan vətəndaşlarının əmək pensiyasına çıxmaq hüququ “Əmək pensiyaları haqqında” Qanun və müvafiq normativ aktlarla tənzimlənir: “Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyinatı onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsilə müvafiq icra hakimiyyəti orqanına təqdim etdikləri ərizə və qanunla müəyyən olunmuş sənədlər əsasında aparılır. Pensiya təyin edildikdən sonra, vətəndaşın arzusu ilə, pensiya məbləği Azərbaycan bank hesabına və ya yaşadığı ölkəyə köçürülə bilər. Əsas meyarlar yaş həddi, sığorta stajı və fərdi hesabda toplanmış pensiya kapitalıdır. Bu tələblər xaricdə yaşayan vətəndaşlara da eyni qaydada şamil edilir”.

 

N.Mustafayeva onu da əlavə edib ki, praktikada, sənədlərin toplanması və göndərilməsi konsulluq vasitəsilə həyata keçirilir və pensiya hüququ yaranan şəxslərin müraciətləri Dövlət Sosial Müdafiə Fonduna çatdırılır: “2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyin edilməsi üçün yazılı, o cümlədən elektron müraciətləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsilə təqdim edilir. Azərbaycan Respublikasının konsulluğu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası təyin edilmiş, xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası uçotunu aparır, onların siyahısını tərtib edir və həmin siyahını ildə iki dəfə (martda və sentyabrda) Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi vasitəsilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumuna göndərir. Azərbaycan Respublikasının konsulluğu xaricdə daimi yaşayan və əmək pensiyası alan Azərbaycan Respublikası vətəndaşını bu Qaydaların 4.1-ci bəndinə müvafiq olaraq uçotdan çıxardıqda, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi vasitəsilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunu məlumatlandırır. Azərbaycan Respublikasının konsulluqları olmayan xarici ölkələrdə (yerlərdə) daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçotu və xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı vətəndaş tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə elektron qaydada göndərilən məlumatlar əsasında aparılır”.

 

Hüquqşünas qeyd edib ki, xarici ölkəyə müvəqqəti və ya daimi yaşamaq üçün gedən vətəndaşlar Azərbaycan Respublikasının xaricdəki konsulluğunda “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə uçota alınırlar: “Azərbaycan Respublikası konsulluğunun olmadığı xarici ölkələrdə (yerlərdə) yaşayan vətəndaşlar yaşayış yeri barədə məlumatı elektron qaydada müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Azərbaycan Respublikasının müvafiq dövlət orqanları, diplomatik nümayəndəlikləri və konsulluqları, habelə onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, müvafiq xarici dövlətin qanunvericiliyinə, habelə beynəlxalq adətlərə uyğun olaraq onlara verilmiş bütün hüquqlardan tam həcmdə istifadə edə bilmələri üçün tədbirlər görməyə, onların qanunla qorunan hüquq və mənafelərini qanunvericiliklə müəyyən edilmiş qaydada müdafiə etməyə, Azərbaycan Respublikası vətəndaşlarının pozulmuş hüquqlarının bərpası üçün tədbirlər görməyə borcludurlar. Azərbaycan Respublikasının konsulluqları olmayan xarici ölkələrdə (yerlərdə) daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçotu və xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı vətəndaş tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə elektron qaydada göndərilən məlumatlar əsasında aparılır”.

 

Şəhanə Quliyeva

Tarix: 11 Mart 2026, 09:42   
Избранный
62
pravda.az

1Источники