RU

Bahar Muradova: AQEM yanında Qadınlar Şurasının təsisi Azərbaycanın inklüziv inkişaf siyasətinin nəticəsidir

Cari ilin aprelində Azərbaycanda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) yanında yaradılmış Qadınlar Şurası çərçivəsində üzv ölkələrdən müvafiq sahələrə cavabdeh olan nazirlərin iştirakı ilə beynəlxalq konfrans keçiriləcək.

Bunu "Far.Az"un ABŞ bürosuna müsahibəsində BMT-nin Baş Qərargahında keçirilən Qadınların Statusu üzrə Komissiyanın 70-ci sessiyası çərçivəsində ABŞ-də səfərdə olan Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

B. Muradova qeyd edib ki, AQEM-ə sədrlik edir və bu çərçivədə qadınlar platforması yaradılıb:

"Biz Dövlət Komitəsi olaraq AQEM çərçivəsində qadınlar təşkilatının yaradılması təşəbbüsü ilə çıxış etmişdik və ötən ilin avqust ayında təşkilatın Nazirlər Şurası bununla bağlı qərar qəbul etdi və AQEM yanında Qadınlar Şurası təsis olundu. Biz bu şuranın fəaliyyəti və qərarın icrası ilə bağlı aprel ayında AQEM üzvü olan ölkələrdən müvafiq sahələrə cavabdeh olan nazirləri dəvət etmişik və digər qonaqların da iştirakı ilə böyük bir konfrans keçiriləcək".

Komitə sədri vurğulayıb ki, Azərbaycanın sədrliyi dövründə belə bir platformanın yaradılması ölkənin inklüziv inkişaf siyasətinin nəticəsidir:

"Hesab edirəm ki, bu, digər təşkilatlar çərçivəsində atılan addımlarla yanaşı, beynəlxalq platformalarda imkanlarımızı genişləndirir".

O əlavə edib ki, AQEM mühüm beynəlxalq platformalardan biridir və Azərbaycanın bu təşkilat çərçivəsində fəallığı ölkənin beynəlxalq arenada rolunun daha da güclənməsinə töhfə verir:

"Bu təşkilat Azərbaycan ictimaiyyətinə o qədər də bəlli olmasa da, artıq cənab prezidentin həyata keçirdiyi siyasət nəticəsində belə platformalar beynəlxalq arenada daha çox tanınmağa başlayıb. Bu da Azərbaycanın beynəlxalq aləmdə vacib aktora çevrilməsinə xidmət edir".

Избранный
85
far.az

1Источники