RU

İsrail İranla müharibəni maliyyələşdirmək üçün müdafiə büdcəsini 13 milyard dollar artırmağı planlaşdırır » AzadMedia.az

İsrail


İsrail hökuməti İranla davam edən müharibəni maliyyələşdirmək məqsədilə müdafiə büdcəsini təxminən 40 milyard şekel (təxminən 13 milyard ABŞ dolları) artırmağı planlaşdırır. Bu barədə Bloomberg İsrail Maliyyə Nazirliyinin rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, əlavə maliyyə 2026-cı il üçün yenidən işlənmiş dövlət büdcəsinə daxil edilib. Büdcə layihəsinin çərşənbə axşamı axşam saatlarında Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi Nazirlər Kabinetinin iclasında müzakirə olunacağı və təsdiqlənə biləcəyi gözlənilir. Daha sonra sənəd ayın sonunadək parlament tərəfindən də təsdiqlənməlidir.
Rəsminin sözlərinə görə, müdafiə büdcəsi 28 milyard şekel artırılacaq, əlavə olaraq 10 milyard şekel isə mümkün hərbi ehtiyaclar üçün ehtiyat fonduna ayrılacaq.

Beləliklə, İsrailin müdafiə xərcləri 140 milyard şekelə çatacaq ki, bu da 2023-cü ildə Qəzza müharibəsindən əvvəlki dövrlə müqayisədə 115 faiz çoxdur. Ümumilikdə isə dövlət xərcləri planının həcmi 700 milyard şekelə yaxın olacaq.

Əlavə vəsait əsasən hərbi ehtiyatların bərpasına və ehtiyatda olan hərbçilərin maaşlarının ödənilməsinə yönəldiləcək. Daha əvvəl büdcədə ildə 40 min ehtiyat hərbçinin çağırılması nəzərdə tutulurdu və hər biri maksimum 55 gün xidmət etməli idi. Lakin İranla müharibə başlayandan sonra ordu artıq 100 mindən çox ehtiyat hərbçini səfərbər edib.

Eyni zamanda, iki ildir davam edən müharibələr fonunda İsrailin dövlət borcu rekord səviyyəyə çatıb. Büdcə kəsirinin əvvəl müəyyən edilmiş 3,9 faiz səviyyəsindən artırılması da mümkündür. Hazırda ölkənin borcun ÜDM-ə nisbəti təxminən 69 faizdir.

Hökumət daha əvvəl Qəzza, Livan və İranla müharibələrin maliyyələşdirilməsi üçün 30 milyard şekel həcmində qənaət tədbirləri elan edib və bu tədbirlərin 2027-ci ilin sonuna qədər qüvvədə qalacağı bildirilib.

Qanunvericiliyə əsasən, İsrailin dövlət büdcəsi 31 mart tarixinə qədər qəbul edilməlidir. Əks halda hökumət avtomatik olaraq istefaya getmiş sayılacaq.

Избранный
47
1
azadmedia.az

2Источники