Oğurlanmış ilaxır çərşənbənİn fəlsəfİ və astronomİk həqİqətİ: Bu gün Yel çərşənbəsi yox, torpaq çərşənbəidir
Ruhumuzun, tariximizin və genetik yaddaşımızın ən ali məqamı olan Novruz çərşənbələri onilliklərdir ki, sovet folklorşünaslığının dar çərçivələrinə həbs edilib. Professor Azad Nəbiyev və onun yolunu gedənlərin ortaya qoyduğu "Su, Od, Yel, Torpaq" ardıcıllığı, əslində xalqın minillik təcrübəsindən süzülüb gələn o böyük həqiqətin — Qərbi Azərbaycanın ulu yaylaqlarında, Göyçənin, Ağbabanın, Zəngəzurun uca dağlarında döyünən o canlı ürəyin təhrif olunmuş əksidir. Bizə "İlaxır çərşənbə Torpaqdır" deyə təlqin edənlər, əslində təbiətin astronomik saatını və Şərq klassik fəlsəfəsinin "Anasiri-ərbəə" hikmətini görməzdən gəliblər. Şərq fəlsəfəsinin sütunları olan dörd ünsür — Su, Od, Torpaq və Yel — kainatın yaranış iyerarxiyasını təşkil edir. "Ab-Atəş"dən sonra gələn "Xak" (Torpaq) maddiliyin, bədənin, sükunətin rəmzidirsə, "Bad" (Yel) ruhdur, hərəkətdir, canverici nəfəsdir. Cansız bədənə ruh üfürülməmiş həyat başlamadığı kimi, torpağa da yel toxunmamış, o "vədə yeli" dağların buzunu qırıb ağacları silkələməmiş bahar gəlməz. Qərbi Azərbaycanın bütün mahallarında əsrlərlə qorunan "Ab-Atəş, Xaki-Bad" düzümü məhz bu fəlsəfi həqiqətə — torpağın bədən, yelin isə o bədənə can verən sonuncu ünsür olmasına söykənirdi. Bu məsələ heç də "sözgəlişi" deyil, çünki bu ardıcıllığın arxasında dəqiq astronomik dəyişikliklər dayanır. Bahar bərabərliyinə sayılı günlər qalmış, Günəş şüaları torpağın ən dərin qatlarını isitməyə başlayır ki, bu da məhz martın 10-na təsadüf edən bugünkü Torpaq çərşənbəsidir. Lakin torpağın isinməsi hələ həyatın tam coşması demək deyil. Astronomik olaraq "canın havaya düşməsi", atmosfer kütlələrinin hərəkətə gəlib rütubəti qovması və təbiəti oyandırması məhz sonuncu mərhələdir. Qərbi Azərbaycanın uca zirvələrində qar hələ diz boyu ikən, torpaq daxildən isinər (Torpaq çərşənbəsi), lakin yalnız o müqəddəs İlaxırda əsən yel qarın kəfənini yırtıb yazın müjdəsini gətirər. Buna görə də ulu Göyçədə İlaxır çərşənbəyə həm də "Həzrəti Abbas çərşənbəsi" deyirdilər. Çünki Həzrəti Abbasın fədakarlığı və sarsılmaz ruhu təbiətin sonuncu, ən həlledici oyanış anı olan Yel ilə eyniləşdirilirdi. Yel həm də cəngavərlikdir, sükunəti pozan, donmuş ruhları oyadan qüvvədir. Sovet ideologiyası isə bu mənəvi və astronomik dərinliyi silib atmaq üçün hər şeyi materialist bir "əkinçilik təqvimi"nə sığışdırdı, "torpaq hər şeyin sonudur" deyərək ruhu (yeli) üçüncü sıraya sıxışdırdı. Sovet folklorşünaslığı hər şeyi kənd təsərrüfatı dövriyyəsinə — istehsalata bağlamağa çalışırdı. Onlar elə hesab edirdilər ki, Novruzda əkin başlayırsa, deməli, axırıncı çərşənbə mütləq "Torpaq" olmalıdır. Bu yanaşma ilə onlar çərşənbələrin mistik, fəlsəfi və ruhani tərəfini, o cümlədən Həzrəti Abbas çərşənbəsi kimi dərin inancları məhv etdilər. Qərbi Azərbaycanın uca dağlarında martın ortasında hələ qar dizə çıxırdı. Orada torpaq sonuncu yox, məhz üçüncü oyana bilərdi. Amma həyatın rəsmi başlanğıcı — İlaxır çərşənbə — o lətafətli Yelin əsməsi, "canın havaya düşməsi" ilə tamamlanırdı. Bu gün — martın 10-u — Azad Nəbiyev məktəbinin dediyi kimi "Yel çərşənbəsi" deyil. Qədim və həqiqi Oğuz təqvimi ilə bu gün Torpaq çərşənbəsidir. Çünki torpaq artıq içəridən isinir. Gələn həftə — martın 17-də isə qoca Şərqin və ulu Qərbi Azərbaycanın qəbul etdiyi o böyük Yel (İlaxır) çərşənbəsi, yəni mənəviyyatımızın tacı olan Həzrəti Abbas çərşənbəsi gələcək. Biz öz tariximizə və folklorumuza sahib çıxmalı, kabinetlərdə uydurulan "sovet standartlarını" deyil, dədə-babalarımızın sınaqdan keçmiş, həqiqi "Anasiri-ərbəə" fəlsəfəsini yaşatmalıyıq,təqvimimizi sovet qalıqlarından təmizləməli, təbiətin həqiqi səsinə və babalarımızın uca ruhuna qayıtmalıyıq. Çünki Torpaq anadırsa, Yel o ananı oyadan, ona can verən müqəddəs nəfəsdir!