RU

Azərbaycan mürəkkəb geosiyasi şəraitdə balanslaşdırılmış xarici siyasət kursu həyata keçirir ŞƏRH

Bakı, 10 mart, AZƏRTAC

Hazırda Yaxın Şərqdə müşahidə olunan hərbi-siyasi gərginlik region ölkələrinə də təsir göstərir. Bu proseslər Azərbaycanın yaxın qonşuluğunda baş verir və buna görə də məsələnin düzgün qiymətləndirilməsi zəruridir. Mövcud şəraitdə Azərbaycanın qarşısında duran əsas vəzifə ölkənin təhlükəsizliyini təmin etməklə yanaşı, regionda baş verən proseslərə münasibətdə balanslaşdırılmış və praqmatik siyasi kursu davam etdirməkdir. Bu siyasət həm Azərbaycanın milli maraqlarının qorunmasına, həm də qonşu və tərəfdaş dövlətlərlə münasibətlərdə sabitliyin saxlanmasına xidmət etməlidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar” İctimai Birliyinin prezidenti İlqar Hüseynli deyib.

O xatırladıb ki, Azərbaycan ilə İsrail arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan İsrail tərəfindən müxtəlif istiqamətlər üzrə mühüm dəstək almışdı. Amerika Birləşmiş Ştatları ilə münasibətləri də son dövrlərdə müəyyən siyasi proseslərlə müşayiət olunur. Ötən il il avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ABŞ Prezidenti Donald Trampın iştirakı ilə ilkin sülh sənədinin paraflanması regionda sülh prosesinin inkişafı baxımından mühüm addım kimi dəyərləndirilir.

“Yaxın Şərqdəki proseslərə nəzərən Azərbaycan humanitar yardım siyasətini də davam etdirir. Hazırkı vəziyyətdə İrana humanitar yardım göndərilməsi də məhz beynəlxalq humanitar hüququn prinsiplərinə uyğun addım kimi dəyərləndirilir. Ümumiyyətlə, Azərbaycan müxtəlif dövrlərdə müharibə və təbii fəlakətlərdən zərər çəkmiş ölkələrə yardım göstərib. Bu kontekstdə Ukraynaya da Azərbaycan tərəfindən humanitar yardımlar təqdim olunub və bu siyasət Prezident İlham Əliyevin təşəbbüsü ilə ardıcıl şəkildə davam etdirilib”, - deyə QHT sədri əlavə edib.

İ.Hüseynlinin sözlərinə görə, Azərbaycanın həm müxtəlif ölkələrlə əməkdaşlıq əlaqələrini davam etdirməsi, həm də humanitar təşəbbüslərdə fəal iştirakı ölkənin mürəkkəb geosiyasi şəraitdə balanslaşdırılmış xarici siyasət kursu həyata keçirdiyini göstərir.

Избранный
31
1
azertag.az

2Источники