RU

İftarı bu qida ilə açsanız, görün nə baş verəcək? — İlahiyyatçı AÇIQLADI

Ramazan ayında iftar süfrələri müxtəlif yeməklərlə zəngin olur və bəzi insanlar ənənəvi yeməklərlə yanaşı fərqli mətbəx nümunələrinə də üstünlük verirlər. Son dövrlər isə iftarın suşi kimi xarici mətbəxə aid yeməklərlə açılmasının dini baxımdan uyğun olub-olmaması ilə bağlı suallar yaranıb.

Görəsən, orucu suşi ilə açmaq dini baxımdan caiz sayılırmı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən ilahiyyatçı Əkrəm Həsənov deyib:

İlahiyyatçı:

“Ramazan ayı müsəlmanlar üçün sadəcə ac qalmaq ayı deyil. Bu ay insanın nəfsi ilə münasibətini yenidən tənzimlədiyi, halal və haram anlayışını daha dərindən düşündüyü, şükür hissini gücləndirdiyi bir zaman dilimidir”.

Əkrəm Həsənovun sözlərinə görə, bu səbəblə də iftar süfrəsi ətrafında yaranan suallar təkcə yeməklə bağlı deyil, eyni zamanda dini düşüncə ilə gündəlik həyatın necə uyğunlaşması məsələsidir.
Əslində bu sualın cavabı İslam hüququnun çox aydın prinsiplərinə dayanır. İslamda qidalarla bağlı əsas qayda budur ki, haramlığı açıq şəkildə bildirilməyən hər şey halaldır. Qurani Kərimdə buyurulur: O sizə yer üzündə olanların hamısını sizin üçün yaratdı. Bu ayə Bəqərə surəsinin 29-cu ayəsində yer alır və islam alimləri bu ayəni halal qidalar prinsipi ilə əlaqələndiriblər. Yəni Allah yer üzündə olan nemətləri insan üçün yaratmışdır və açıq şəkildə haram buyurulmayan qidalar istifadə edilə bilər.

“Başqa bir ayədə isə belə buyurulur: Ey insanlar, yer üzündə olanların halal və təmizindən yeyin. Bu ifadə Bəqərə surəsinin 168-ci ayəsində keçir. Ayədə diqqət çəkən iki anlayış var. Halal və təmiz. Bu o deməkdir ki, qida həm dini baxımdan qadağan olunmamalı, həm də sağlam və təmiz olmalıdır, — deyə ilahiyyatçı əlavə edib.

“Bu baxımdan suşi məsələsinə gəldikdə isə, burada hökm qidanın mənşəyinə bağlıdır. Əgər suşi halal məhsullardan hazırlanıbsa, məsələn balıq, düyü, tərəvəz kimi məhsullardan ibarətdirsə, bunun dini baxımdan qadağan edilməsi üçün heç bir əsas yoxdur. Çünki balıq İslamda halal sayılan qidalardandır. Quranda buyurulur ki, dəniz ovu və onun qidası sizə halal edildi. Bu hökm Maidə surəsinin 96-cı ayəsində qeyd olunur.
Əlbəttə, əgər suşi içərisində haram sayılan bir maddə, məsələn spirt qatılmış sous və ya şəriətə uyğun kəsilməmiş ət olarsa, o zaman məsələ dəyişir. Bu halda artıq qidanın özü problemli olur. Lakin bu qayda yalnız suşiyə aid deyil. Bu bütün yeməklərə aiddir”, — deyə Əkrəm Həsənov xüsusi vurğulayıb.

“Müasir dövrdə qlobal mədəniyyətlərin bir-biri ilə qarışması normal bir prosesdir. İnsanlar müxtəlif ölkələrin yeməklərini dadır, fərqli mətbəxlərə maraq göstərirlər. Bu dini baxımdan problem yaratmır. Bir sözlə islam mənbələrinə baxanda belə həqiqət ortaya çıxır ki, orucu suşi ilə açmaq dini baxımdan qadağan deyil. Əgər qida halal məhsullardan hazırlanıbsa, spirt və haram maddə yoxdursa, belə bir iftar dini baxımdan icazəlidir”, — deyə ilahiyyatçı sonda qeyd edib.

Dəniz Pənahova
KONKRET.az

Избранный
101
1
konkret.az

2Источники