RU

"Yel çərşənbəsi insanlara xeyir-bərəkət gətirir" - Folklorşünas

"Novruz bayramı öncəsi bilirik ki, dörd çərşənbə qeyd olunur. Bu çərşənbələrindən biri də, Yel çərçənbəsidir".

Bunu Redaktor.az-a Yel çərşənbəsi haqqında danışan folklorşünas Atəş Əhmədli bildirdi. O əlavə etdi ki, yel əsəndə təbii olaraq onun əsasını külək təşkil edir:

"Xalq arasında bunun Yel baba obrazı şəklində, belə deyək, inanca görə mifoloji bir obrazı da var. Hətta bilirik ki, yellərin əsməsinin iki istiqamətdə insanlara təsiri var. Yəni yelin çox olması, küləyin həddindən artıq güclü əsməsi bəzən onun dağıdıcı gücə çevrilməsinə gətirib çıxarır və insanlara böyük fəlakətlər gətirir. Amma yelin insanlara xeyir-bərəkət gətirən tərəfi də var. Novruz ərəfəsində qeyd etdiyimiz Yel çərşənbəsində özünün səciyyəvi xüsusiyyətlərini saxlayıb. Yelin oyanması, yellərin əsməsi burada sanki təbiətin oxşanması, oyadılması halına gəlir. İnsanlar düşünür ki, bu çərşənbə yeli onların həyət-bacalarına daxil olur, evlərinə daxil olur. Bax, buna görə də evlərdə müəyyən təmizlik işləri görən insanlar xalça-palazı, yorğan-döşəyi həmin çərşənbə yelinə verirlər. Yəni havaya verirlər. Qapı-pəncərəni açırlar ki, bu yellər evə və həyətə daxil olsun. İnsanlar həmin yelin, belə deyək, təmizliyindən və paklığından istifadə edərək Novruza qədər olan dövrdə müəyyən işlərini görsünlər, həm də təmizlik xarakterli işlərini həyata keçirsinlər. Onların bir inancına görə, əgər bu yellər bu cisimlərə, bu əşyalara dəyərsə, bu, onlara xeyir gətirər. Bu, onların ailəsinə sanki ruzi-bərəkət kimi qəbul olunur. Bax, bu şəkildə insanlar yeli qarşılayırlar və bu şəkildə yeli qutlayırlar. Yelə olan münasibətlərini də məhz bu cür bildirirlər".

Nuriyyə NATİQQIZI

Избранный
42
1
redaktor.az

2Источники