RU

Azalan doğumlar və yeni demoqrafik reallıq Əbülfəz Süleymanlı Sosioloji baxış

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Əbülfəz SüleymanlıProfessor [email protected]

Dünyada baş verən müharibələr, geosiyasi gərginliklər və texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə demoqrafiya getdikcə daha çox strateji müzakirə mövzusuna çevrilir. Süni intellekt, robot texnologiyaları və rəqəmsal iqtisadiyyat sürətlə genişlənsə də, eyni zamanda dünyanın bir çox ölkəsində nikahların azalması, bir qadına düşən uşaq sayının aşağı enməsi və demoqrafik artım tempinin zəifləməsi müşahidə olunur. Bu isə texnoloji yüksəlişlə demoqrafik zəifləmənin paralel getdiyi yeni qlobal reallığı ortaya qoyur.

Demoqrafiyada ən mühüm göstəricilərdən biri ümumi doğurganlıq əmsalıdır. Bu göstərici bir qadının reproduktiv dövrü ərzində orta hesabla neçə uşaq dünyaya gətirdiyini göstərir. Əhalinin özünü yeniləməsi üçün bu göstəricinin təxminən 2,1 səviyyəsində olması tələb olunur. Bu həddən aşağı düşən cəmiyyətlər uzunmüddətli perspektivdə əhali azalması ilə üzləşirlər.

Dünyanın nüfuzlu tibbi jurnallarından biri olan “The Lancet”də 2024-cü ildə dərc edilən araşdırmaya görə, 2050-ci ilə qədər dünya ölkələrinin böyük əksəriyyətində doğurganlıq səviyyəsi əhalinin özünü yeniləməsi üçün tələb olunan həddən aşağı olacaq. Proqnozlara əsasən, 2100-cü ilə qədər bu göstərici ölkələrin təxminən 97 faizini əhatə edə bilər.

Bu tendensiya artıq bir çox regionda aydın görünür. Avropa ölkələrinin əksəriyyətində doğurganlıq göstəricisi uzun illərdir 1,3-1,6 intervalında qalır. İtaliya və İspaniya kimi ölkələrdə bu göstərici bəzi illərdə 1,2 səviyyəsinə qədər enmişdir. Şərqə doğru baxdıqda isə Cənubi Koreyada doğurganlıq göstəricisinin 0,7 səviyyəsinə düşməsi bu tendensiyanın nə qədər dərinləşə biləcəyini göstərir. Azərbaycanla bənzər mədəni kodlara sahib Türkiyədə də doğurganlıq göstəricisinin 2001-ci ildə 2,38-dən 2023-cü ildə 1,51-ə enməsi regionumuz üçün də ciddi siqnal hesab olunur. Bu kontekstdə regionda fərqli müqayisə nümunələrindən biri Qazaxıstandır. Son illərdə bu ölkədə doğum göstəriciləri nisbətən daha stabil qalır və gənc ailələrə yönəlmiş sosial proqramlar demoqrafik dinamikanın qorunmasına müəyyən təsir göstərir.

Doğum əmsalının azalması Azərbaycanın demoqrafik mənzərəsində də hiss olunur. Son onilliklərdə qadın başına düşən uşaq sayı əhəmiyyətli dərəcədə azalmışdır. Əgər ötən əsrin ortalarında bir qadın orta hesabla altı uşaq dünyaya gətirirdisə, bu gün bu göstərici 1,5 uşaqdan bir qədər çoxdur.

Doğum statistikası da bu dəyişimi təsdiqləyir. Məsələn, 2023-cü ildə Azərbaycanda 112 min 620 uşaq doğulmuşdursa, 2024-cü ildə bu rəqəm 102 min 310-a düşmüşdür. Uzunmüddətli perspektivdə isə dəyişiklik daha aydın görünür: 1960-cı ildə hər 1000 nəfərə 42,6 doğum düşdüyü halda, son illərdə bu göstərici 10 nəfərdən də aşağı səviyyəyə enmişdir.

Demoqrafik dinamikanı təsir edən amillər arasında reproduktiv sağlamlıq problemləri, bəzi tibbi risklər və iqtisadi faktorlar da qeyd olunur. Mənzil məsələsi, yaşayış xərclərinin artması və gənc ailələrin sosial sabitliklə bağlı gözləntiləri doğum qərarlarına təsir edən mühüm amillərdir. Bununla yanaşı, nikaha daxil olma yaşının artması və ailə qurma qərarının gecikməsi də doğurganlığın azalmasına təsir göstərən sosial faktorlar sırasındadır.

Lakin müxtəlif ölkələrdə aparılan tədqiqatlar göstərir ki, məsələ yalnız bu faktorlarla məhdudlaşmır. Əgər problem təkcə iqtisadi şərtlərlə bağlı olsaydı, sosial təminat sistemlərinin ən inkişaf etmiş olduğu Skandinaviya ölkələrində doğum göstəriciləri daha yüksək olmalı idi. Halbuki Finlandiya və İsveç kimi ölkələrdə də doğurganlıq səviyyəsi aşağı qalır. Bu isə demoqrafik dəyişikliklərin mədəni və psixoloji transformasiyalarla da bağlı olduğunu göstərir.

Ənənəvi ailə modelinin dəyişməsi ilə birlikdə nikah və valideynlik haqqında sosial təsəvvürlər də transformasiya olunur. Qadınların təhsil və əmək bazarında iştirakının artması, doğum nəzarəti vasitələrinin geniş yayılması və fərdi həyat planlarının ön plana çıxması doğurganlıq davranışına mühüm təsir göstərir. Nəticədə müasir cəmiyyətlərdə həyat tərzi getdikcə daha çox fərdi seçimlər və komfort üzərində qurulur; səyahət, karyera və şəxsi inkişaf kimi dəyərlər bir çox hallarda ailə və valideynlik qərarından daha ön plana keçir.

Bu məqamda belə bir sual meydana çıxır: süni intellektin və avtomatlaşdırmanın sürətlə yayıldığı, insan əməyinin strukturunun dəyişdiyi müasir texnologiya dövründə doğum səviyyəsi və əhalinin sayı əvvəlki kimi əhəmiyyət daşıyırmı?

İlk baxışda belə görünə bilər ki, texnologiya insan əməyinin müəyyən hissəsini əvəz etdikcə əhalinin sayının strateji əhəmiyyəti azalır. Lakin iqtisadi və sosial tədqiqatlar göstərir ki, texnoloji inkişaf bəzi sektorlar üzrə insan əməyinə olan tələbatı azalda bilsə də, insan kapitalını tam şəkildə əvəz etmir. Əksinə, yüksək bilik və bacarıqlara əsaslanan insan potensialının əhəmiyyətini daha da ön plana çıxarır. Çünki innovasiya, elmi yaradıcılıq və texnoloji inkişafın əsas mənbəyi məhz insanın intellektual potensialıdır.

Doğurganlığın azalmasının mühüm nəticələrindən biri isə əhalinin yaşlanmasıdır. Yaşlanan cəmiyyətlərdə əmək bazarında işçi qüvvəsi azalır, sosial təminat sistemlərinə təzyiq artır və bir çox ölkələrdə miqrasiya siyasəti iqtisadi sabitliyin qorunması üçün əsas vasitələrdən birinə çevrilir.

Bütün bunların fonunda Azərbaycan üçün əsas vəzifə yalnız demoqrafik sabitliyi qorumaq deyil. Eyni zamanda rəqabətqabiliyyətli təhsil sistemi vasitəsilə yüksək bilik və bacarıqlara malik keyfiyyətli insan kapitalını formalaşdırmaq strateji əhəmiyyət daşıyır. Çünki texnologiya və innovasiya dövründə dövlətlərin gücü artıq təkcə əhalinin sayından deyil, həmin əhalinin təhsil səviyyəsindən, yaradıcılıq potensialından və texnoloji bacarıqlarından asılıdır.

Bu baxımdan demoqrafik siyasət yalnız doğumların sayını artırmaqla məhdudlaşmamalıdır. Gənc ailələr üçün mənzil imkanlarının genişləndirilməsi, uşaq baxımı və məktəbəqədər təhsil infrastrukturunun inkişafı, iş və ailə həyatının balansını təmin edən əmək siyasətinin formalaşdırılması, elmi tədqiqat və innovasiya ekosisteminin gücləndirilməsi kimi kompleks tədbirlər bu istiqamətdə mühüm rol oynaya bilər.

Başqa sözlə, XXI əsrdə dövlətlərin real gücü əhalinin sayından çox, həmin əhalinin bilik səviyyəsi, yaradıcılıq potensialı və texnoloji bacarıqları ilə müəyyən olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
98
525.az

1Источники