RU

"Şəmkir" "Xankəndi"ni günahlandırdı, PFL-dən ədalət umdu

Bilindiyi kimi, 2-ci liqanın 17-ci turunun “Şəmkir” - “Xankəndi” görüşü baş tutmayıb. Buna komandaların formalarının rənglərinin oxşar olması səbəb olub. Peşəkar Futbol Liqası yaydığı açıqlamada buna görə “Şəmkir”in məsuliyyət daşığını açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, hadisə ilə əlaqədar “Şəmkir” PFL rəhbərliyinə müraciət ünvanlayıb:

"Şəmkir”in futbolçuları və məşqçi heyəti bütün qaydalara uyğun şəkildə, nəzərdə tutulan vaxtda – saat 15.00-da meydançaya daxil olub və oyunun başlanmasını gözləyib. Buna baxmayaraq, “Xankəndi” forma uyğunsuzluğu səbəbindən oyuna başlaya bilməyib. “Şəmkir” idman etikası və qaydalar çərçivəsində 45 dəqiqə müddətində meydançada rəqibini gözləyib. Lakin problem aradan qaldırılmayıb. Daha sonra isə təxminən 1 saat 30 dəqiqə keçdikdən sonra qonaq komanda üzərində nömrələr olmayan formalarla meydana çıxmağa cəhd edib. Həmin formaların "Barselona"nın dizaynına bənzər olduğu, lakin futbolçuların arxa hissəsində nömrələrin olmadığı qeyd olunub. Məlum olduğu kimi, futbol qaydalarına və yarışın əsasnaməsinə əsasən hər bir futbolçunun formasının arxa hissəsində aydın görünən nömrə olmalıdı. Bu tələb oyun zamanı hakimlərin epizodları düzgün qeyd etməsi üçün zəruridi. Belə ki, vurulan qollar, göstərilən sarı və qırmızı vərəqələr, eləcə də digər oyun epizodları rəsmi protokolda məhz futbolçuların nömrələri ilə qeyd edilir. Bu səbəbdən nömrəsiz forma ilə oyuna çıxmaq futbol qaydalarına uyğun hesab edilə bilməz. Baş verən vəziyyət təəssüf ki, “Xankəndi” tərəfindən yarışın təşkilati qaydalarına lazımi səviyyədə əməl olunmadığını göstərir.

Digər tərəfdən isə meydan sahibi olan “Şəmkir”in oyuna tam hazır olduğu, bütün qaydalara əməl etdiyi və əsasnamənin tələblərini yerinə yetirdiyi açıq şəkildə görünür. Bu baxımdan yaranmış vəziyyətə obyektiv və ədalətli hüquqi qiymətin verilməsini Sizdən xahiş edirik. Əminik ki, Peşəkar Futbol Liqası Azərbaycan futbolunda qayda-qanunun və idman prinsiplərinin qorunması istiqamətində bu məsələyə də ədalətli yanaşacaq".
Избранный
95
7
football-plus.az

9Источники