RU

Bu gün Yel çərşənbəsidir

Novruz bayramı ərəfəsində xalqımızın qeyd etdiyi dörd ilaxır çərşənbədən üçüncüsü Yel çərşənbəsidir. Xalq arasında bu gün “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” və ya “Yelli çərşənbə” kimi də tanınır.

İnanclara görə, bu çərşənbədə əsən isti küləklər yazın gəlişindən xəbər verir. Deyilənə görə, oyanan yel artıq oyanmış suyu və odu hərəkətə gətirir, təbiətə canlanma gətirir.

Folklorşünasların fikrincə, qədim etiqadlara görə torpağın altında – “qara nəhrdə” yatmış dörd cür külək Yer üzünə çıxır və müxtəlif libaslarda təsvir olunur:
• Ağ yel – ağ libasda
• Qara yel – qara libasda
• Xəzri – göy libasda
• Gilavar – qırmızı libasda

Rəvayətə görə, Yel çərşənbəsi günü bu dörd külək birləşərək dünyanı dolaşır, oyanmış suyu və odu hərəkətə gətirir və yazın gəlişini müjdələyir.

Bu gün tonqallar qalanır, evlərdə südlü plov və ya bulğur aşı bişirilir, süfrələrə quru meyvələr və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Evlərdə təmizlik işləri görülür, xalça-palazlar çırpılır, yorğan-döşək havaya verilir. Qadınlar axır çərşənbəyə hazırlıq görür, uşaqlar üçün yeni paltarlar tikilir, şirniyyat hazırlığı başlanır.

Həmçinin bir qarış böyümüş səməninin ortasına qırmızı lent bağlamaq da bu günün gözəl ənənələrindən biridir.

Избранный
22
anews.az

1Источники