RU

Neftin qiyməti 100 dollar səviyyəsinə gerilədi

Neftin qiyməti 100 dollar səviyyəsinə gerilədi

Beynəlxalq bazarlarda Brent markalı neftin bir barelinin qiyməti 114,30 dollara yüksəldikdən sonra 100,80 dollar səviyyəsinə qədər enib.

AFN.az xəbər verir ki, ötən həftənin cümə günü 90,83 dollara qədər bahalaşan Brent nefti günü 92,02 dollarla başa vurmuşdu.

Cari günün saat 17:54-nə olan məlumata görə isə qiymətlər əvvəlki qapanışla müqayisədə təxminən 9,5 faiz artaraq 100,80 dollar təşkil edib. Gün ərzində qiymətlərin 114,3 dollara çatması ilə 2022-ci ilin iyun ayından bəri ən yüksək göstərici qeydə alınıb.

Qiymətlərin gün daxilində qismən geriləməsinə G7 ölkələrinin İrandan qaynaqlanan tədarük kəsintilərini kompensasiya etmək məqsədilə təcili neft rezervlərini birgə istifadəyə açmağı müzakirə edəcəyi barədə xəbərlər təsir göstərib. Avropa İttifaqı Komissiyasının rəsmisi Anna-Kaisa Itkonen Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib ki, üzv dövlətlər hələlik Yaxın Şərqdəki münaqişələr səbəbindən strateji neft ehtiyatlarından istifadə etməyiblər.

O, martın 12-də Aİ ölkələrinin neft koordinasiya iclasının keçiriləcəyini və G7 çərçivəsində aparılan müzakirələrdən sonra növbəti addımların müəyyənləşəcəyini vurğulayıb. Itkonen qeyd edib ki, hazırda əsas narahatlıq enerji təhlükəsizliyindən daha çox yüksək qiymətlərlə bağlıdır və bu vəziyyət enerji müstəqilliyini gücləndirmək üçün mühüm bir xatırlatmadır.

Rəsmi nümayəndə həmçinin əlavə edib ki, Aİ-nin enerji tədarükünü şaxələndirmə strategiyası sayəsində Yaxın Şərqdəki gərginliyin Avropa bazarlarına birbaşa təsiri qısamüddətli perspektivdə məhdud qalıb.

Избранный
55
afn.az

1Источники