RU

​"Onlar utanmaq hissini çoxdan itiriblər" -

Son illər müxtəlif mövzularda danışan insanların sırası xeyli genişlənib. Eyni adamın həm siyasətdən, həm mədəniyyətdən, həm də iqtisadiyyatdan danışdığını tez-tez müşahidə edirik. Maraqlıdır ki, bu tendensiya sosial şəbəkələr üçün də xarakterikdir. Müharibə, futbol, musiqi, hətta qəliz iqtisadi mövzular bir çox sosial şəbəkə istifadəçisi üçün "sevimli məşğuliyyət" sayılır. Buna səbəb nədir? İnsanları "hərşeyşünas" olmağa nə vadar edir?Psixoloq Vüsalə Rüstəm bu mövzuda Metbuat.az saytına açıqlama verib. Vüsalə xanım deyib ki, sosial şəbəkələrdə müəyyən bir mövzuda fikir bildirmək çox asan və məsuliyyətsiz bir davranışa çevrilib: "Bəzi insanlar başları çıxdı-cıxmadi bütün mövzularda danışmağa can atırlar. Hətta bir çox adam bununla da yetinməyərək tamamilə yad olan hansısa mövzuda "ekspertlik" etməkdən çəkinmir. Buna səbəb insanın özünü göstərmək və təsdiqləmək arzusudur. Dəfələrlə şahidi olmuşuq ki, belə adamların "fikri" özlərinə oxşayan insanlar tərəfindən dəstəklənir. Bu isə onları daha da ruhlandırır. Kənar şəxslərin rəyləri əsasında özlərini dahi, çoxbilmiş hesab edirlər".
Psixoloq qeyd edib ki, bəzi insanlar reallıq hissini itirdiyi üçün özlərini vacib adam sayır, müdrik görkəm alıb hatta səthi bildikləri mövzularda da danışmaqdan çəkinmirlər: "Səfeh olduğunu anlamayanlar xoşbəxt adamlardır. Belələri utanmaq hissini çoxdan itiriblər. Onlar həm çox danışır, həm də başqalarına rəhbərlik etmək istəyirlər. Bu adamlar səthi biliklərinə rəğmən hər movzuda uzun-uzadı danışır, bunun sayəsində özlərini çoxbilmiş hesab edirlər. Psixologiyada buna "Dunning-Kruger" effekti deyilir".
Vüsalə Rüstəm qeyd edib ki, sosial şəbəkələr insanların səviyyəsini müəyyənləşdirmək üçün ən yaxşı platformadır: "Sokratın yaxşı bir sözü var. Deyir ki, ağıllı insan hər şeyi müşahidə edər, axmaq insan isə hər şeyə rəy bildirər. Sokratın bu fikri çox dərindir. Ağıllı insanlar əvvəlcə hər şeyi görür, analiz edir, sonra danışır, axmaq isə əvvəlcə danışır, sonda isə görə də bilər, görməyə də. Axmaqlar çox zaman impulsiv qərar verir, analiz etmir. Nə gəldi yazır və danışır. Onlara cəsarət verən isə sosial şəbəkələrdə hökm sürən rahatlıqdır".

Səbinə Hüseynzadə / Metbuat.az

Избранный
52
metbuat.az

1Источники