Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağsu Rayon Komitəsi tərəfindən 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təhsil sahəsində çalışan şəhid ailələri ziyarət olunub.
Redaktor.az xəbər verir ki, təhsil işçilərinin sosial rifahına və mənəvi dəstəyinə xüsusi diqqət yetirən komitə il ərzində müxtəlif tədbirlər, yarışlar və gəzintilər təşkil edir, əlamətdar günlərdə isə təhsil sahəsində çalışan üzvlərin zəhməti diqqət və hədiyyələrlə qiymətləndirilir.
Komitənin sədri Sevinc Beybudovanın rəhbərliyi ilə həyata keçirilən bu təşəbbüslər artıq ənənə xarakteri daşıyır. Sevinc Beybudova yalnız bayram günlərində deyil, ilin müxtəlif vaxtlarında da şəhid və qazi ailələri ilə yaxından maraqlanır, onları mütəmadi ziyarət edərək diqqət və qayğı göstərir.
Bu dəfə də 8 Mart münasibətilə təhsil sahəsində çalışan şəhid ailələri ziyarət olunub, ailələrin xanım üzvləri bayram münasibətilə təbrik edilərək onlara xoş arzular çatdırılıb. Görüş zamanı şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad olunub, onların ailələrinə göstərilən diqqət və qayğının hər zaman davam etdiriləcəyi vurğulanıb.
Belə sosial və humanist təşəbbüslərin həyata keçirilməsinə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədova, Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayevə və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Ağsu rayon Komitəsinin sədri Sevinc Beybudovaya təşəkkür ifadə olunub.



















