RU

“Neft qiymətləri 200 dollara qədər qalxa bilər”-Mühüm AÇIQLAMA


Hazırda İranı da əhatə edən regional münaqişələr neft bazarında ən böyük təsirə malikdir. ABŞ‑İsrail–İran qarşıdurması, neft infrastrukturuna hücumlar və Hormuz boğazının təhlükə altında qalması neft təchizatının kəsilmə ehtimalını artırır. Bu boğazdan dünya neftinin təxminən 20 %‑i keçir — bu dəqiq məlumat bazarın reaksiyasını sürətlə yüksəldir. Bu səbəbdən "Brent" və digər neft növlərinin qiymətləri 100 dollardan yuxarı səviyyələrə qalxıb.

Bu arada, ABŞ Prezidenti Donald Tramp neft qiymətlərinin artımını təhlükəsizlik üçün ödəniş olduğunu bildirib. O, bunu “Truth Social” sosial şəbəkəsində yazıb. “Neftin qısa müddətli artan qiyməti İranın nüvə təhdidi aradan qaldırıldıqdan sonra düşəcək, – bu ABŞ-nin və dünyanın təhlükəsizliyi üçün kiçik ödənişdir”, – Tramp qeyd edib.

Daha əvvəl London ICE birjasında “Brent” markalı neftin qiyməti təxminən 20 % artaraq, 5 iyul 2022-ci ildən bəri ilk dəfə barel üçün 111 dolları keçib.

Neft qiymətlərinin bahalaşması nələr vəd edir? Bu vəziyyət nə vaxta qədər davam edəcək? Risklər nədir?

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib: “ABŞ-İsrail cütlüyünün İsrailə hərbi müdaxiləsi fonunda Hörmüz boğazı vasitəsilə dünya neft bazarına 6 ölkədən hər gün təqribən 20 milyon barel neftin çıxışını əngəlləyib. Neft bazarının birdən-birə bu qədər nefti ala bilməməsi səbəbindən son 10 günə yaxın zamanda neftin qiymətləri durmadan artmaqdadır. Bu açıqlamanı qeyd edərkən dünya bazarlarında neftin 1 barelinin qiyməti 106 ABŞ dolları səviyyəsindədir. Yəni fevral ayının 28-də bir barel neftin qiyməti 65 dollar səviyyəsində olub. On gün ərzində qiymətlərin 40 dollardan çox və ya 62%-dən çox artımı qeydə alınıb”.

Professorun sözlərinə görə, ABŞ-İsrail cütlüyünün İranla apardıqları müharibə uzun müddət davam edərsə, neft qiymətlərinin 200 dollara qədər yüksəlməsi mümkündür: “Bu isə öz növbəsində dünya iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Çin artıq həyəcan siqnalı verir.
Bu sırada neft hasil edən ölkələrin, o cümlədən Azərbaycanın neft satışından gəlirləri də kəskin artacaq. Lakin unutmayaq ki, müharibə sonrası qiymətlər az zaman kəsiyində yenidən öz əvvəlki səviyyəsinə düşəcək.
ABŞ prezidenti D.Tramp bu müharibə nəticəsində İran neftinə nəzarəti ələ ala bilsə o halda müharibədən bir neçə ay sonra dünya bazarlarında neftin qiymətləri Trampın seçkiöncəsi bəyan etdiyi səviyyəyə doğru ucuzlaşacaqdır.

Tramp neftin bir barelinin 45-50 dollar səviyyədə olmasını məqbul sayır. Bu onun Amerika iqtisadiyyatını dirçəltmək strategiyasının əsas istiqamətlərindən biridir. Onun fikrincə ucuz neft və ucuz dollar ABŞ iqtisadiyyatını yüksələn xətlə inkişaf etdirməyin yeganə yoludur”.

Afaq Mirayiq,
Musavat.com

Избранный
37
musavat.com

1Источники