"Football-plus.az" xəbər verir ki, bu mövsüm Avropanın aparıcı çempionatlarında ''Fənərbaxça'' ilə birlikdə uduzmayan iki klubdan biri olan ''Benfika''nın əlinə liderlərə yaxınlaşmaq üçün gözəl fürsət düşmüşdü. Çünki 2-ci pillədəkı ''Sportinq'' xal itirmişdi. 3-cü pillədəki ''Qartallar'' lider ''Portu''nu yenəcəyi təqdirdə xal fərqi 4-ə enəcəkdi. Amma doğma meydanda oynayan ''Benfika'' 1 xala şükür etməli oldu. Çünki ''Portu'' ilk yarıda iki cavabsız qol vurdu.
''Benfika''nın son 20 dəqiqədə vurduğu qollarla oyun 2:2-lik bərabərliklə yekunlaşdı. Bərabərlik qolundan sonra ''Benfika''nın çalışdırıcısı Joze Mourinyo qırmızı vərəqə alaraq tribunaya göndərildi. Tanınmış mütəxəssis əlindəki topu rəqibin ehtiyat zonasına tərəf atdığı üçün bu aqibətlə üzləşdi. Mourinyo adəti üzrə oyundan sonra bu epizodla bağlı diqqətçəkən ifadələr işlətdi.
O, ''Portu''nun məşqçilər korpusunda yer alan sabiq futbolçu Luço Qonsales ilə aralarında yaşanan dialoq haqda da danışdı:
''Hakim mənə dedi ki, ''Portu''nun ehtiyat zonasına topu atdığım üçün qırmızı vərəqə göstərdi. Amma bu, tamamilə yanlışdı. Mənim bir ritualım var. Bəzən komandam qol vurduqdan sonra tribunadakı şanslı azarkeşlərdən birini sevindirmək üçün topu ora tərəf atıram. Bununla da topu həmin azarkeşə vermiş oluram. Bəlkə də atış texnikam yaxşı deyildi. Amma bu dəfə də top rəqibə tərəf yox, tribunaya tərəf atılmışdı. Həmin olayda mənimlə yanaşı onların ehtiyat zonasında yer alan Luço Qonsales də qırmızı vərəqə aldı. Dəhlizdə mənə 50 dəfə ''satqın'' dedi. O özü də ''Portu''da oynayarkən arada ''Marsel''ə yollanmış, sora qayıtmışdı. İndi o da satqındı? Bu, mənim çox dəyər verdiyim peşəkarlığıma xələl gətirən bir sözdü. Hansı klubda işləməyimdən asılı olmayaraq hər zaman əlimdən gələni etmişəm. Açığı, bu söz məni üzdü. Çünki Luço da mənim kimi peşəkardı və fərqli klublarda oynayıb. Mənə satqın deməsini anlamadım''.
Qeyd edək ki, Mourinyo karyerasının ən böyük uğurlarından birini məhz ''Portu''da yaşayıb. 2003/04-də o bu klubun başında Çempionlar Liqasının qalibi olub.