RU

Sürücülük vəsiqəsi almaq istəyənlərin tibbi arayışı niyə 1 ay qüvvədə olur? - SƏBƏBLƏR

Sürücülük vəsiqəsi almaq istəyən vətəndaşlar üçün bu proses təkcə imtahan meydançası ilə məhdudlaşmır. Bəzən bu yol xəstəxana dəhlizlərindən də keçir.

Day.Az xəbər verir ki, bunun əsas səbəbi isə sürücülük məktəbinə yazılmaq və imtahana buraxılmaq üçün tələb olunan tibbi arayışın cəmi bir ay müddətində qüvvədə olmasıdır.

Bu qısa müddət vətəndaşların eyni sənədi almaq üçün dəfələrlə tibb müəssisələrinə müraciət etməsinə, vaxt itkisinə və əlavə xərclərə səbəb olur.

Vətəndaşların sözlərinə görə, bu proses həm vaxt, həm də maliyyə baxımından çətinlik yaradır. Çünki hər tibbi arayışın qiyməti təxminən 50 manatdır. Əgər şəxs imtahandan keçə bilməsə və təkrar imtahana girməli olsa, arayışın müddəti bitdiyi üçün yenidən tibbi arayış almalı olur.

Sürücülük vəsiqəsi almaq istəyən şəxslər bildirirlər ki, bütün proses başa çatana qədər yalnız tibbi arayış üçün çəkilən xərclər bəzən 200 manata qədər çatır.

Məsələnin digər tərəfi isə sağlamlıqla bağlıdır. Çünki hər yeni arayış üçün vətəndaş yenidən rentgen müayinəsindən keçməli olur. Həkimlər isə qısa müddət ərzində dəfələrlə rentgen şüasına məruz qalmağın orqanizm üçün müəyyən risklər yarada biləcəyini bildirirlər.

Ekspertlərin fikrincə, sürücülük vəsiqəsi almaq istəyən şəxslər onsuz da həm nəzəri, həm də praktiki imtahanlardan keçir və bu prosesdə onların avtomobil idarəetmə bacarığı və nəzəri bilikləri yoxlanılır. Bu səbəbdən tibbi arayışın etibarlılıq müddətinin ən azı 6 ay olması proseduru daha da asanlaşdıra bilər və sürücülük imtahanına hazırlaşan vətəndaşların işini yüngülləşdirər.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, tibbi arayışların verilməsi mövcud qanunvericiliyə əsasən tənzimlənir və bu sənəd vətəndaşın müraciət etdiyi tarixdəki real sağlamlıq vəziyyətini əks etdirir.

Nazirlikdən qeyd olunub ki, tibbi praktikada insanın sağlamlığı qısa müddət ərzində dəyişə bildiyi üçün arayışların etibarlılıq müddətinin məhdud müəyyən edilməsi məlumatların aktuallığını və yol hərəkəti təhlükəsizliyini təmin etməyə xidmət edir.

Hazırda bu müddətin dəyişdirilməsi ilə bağlı rəsmi qərar verilməsə də, tətbiq olunan qaydalar beynəlxalq təcrübə və ictimai ehtiyaclar nəzərə alınaraq mütəmadi şəkildə təhlil edilir.

Elcan Turan
Day.Az

Избранный
121
day.az

1Источники