RU

Qəbul imtahanında keçid balı artacaq? - ÜÇ VERSİYA

Ali məktəb və kolleclərə 133 mindən çox abituriyent sənəd verib. Onlardan 120 671 nəfər Azərbaycan bölməsi, 12 718 nəfər isə rus bölməsi üzrə müraciət edib.

Bəs bu statistika qəbul imtahanında keçid ballarının artmasına təsir göstərə bilərmi?

Day.Az xəbər verir ki, təhsil eksperti Sevinç Purkeştasib bildirir ki, balların yüksəlməsində üç əsas amil mühüm rol oynayır.

Ekspertin sözlərinə görə, ilk növbədə rəqabət amili vacibdir.

"Populyar ixtisaslara - xüsusilə tibb, iqtisadiyyat və hüquqşünaslıq kimi sahələrə maraq yüksək olduqda həmin ixtisaslar üzrə keçid ballarının artma ehtimalı da yüksəlir. İkinci amil plan yerlərinin sayıdır. Əgər ixtisaslar üzrə plan yerlərində artım olarsa, bu zaman balların yüksəlmə ehtimalı azalır. Üçüncü amil isə imtahan suallarının səviyyəsi ilə bağlıdır. Suallar nisbətən asan olduqda abituriyentlərin nəticələri yüksəlir və bu da ümumi keçid ballarının artmasına səbəb ola bilər."

Ekspert əlavə edir ki, mövcud statistika gənclər arasında ali təhsilə marağın artdığını da göstərir və bu da müəyyən ixtisaslar üzrə rəqabəti gücləndirə bilər.

Onun sözlərinə görə, balların artıb-artmayacağı barədə ilkin nəticələri buraxılış imtahanlarından sonra daha aydın görmək mümkün olacaq.

"Əgər buraxılış imtahanlarının nəticələrində 300 bal və ya 200-dən yuxarı nəticə göstərən abituriyentlərin sayı çox olarsa, bu, qəbul imtahanlarında da balların yüksəlməsi ehtimalını artırır. Əksinə, nəticələr aşağı olarsa, balların artımı gözlənilməyə bilər", - deyə ekspert bildirib.

Elcan Turan
Day.Az

Избранный
24
day.az

1Источники