RU

ABŞ və İsrail arasında ilk narazılıq - İranın neft infrastrukturuna zərbələr... – Axios

ABŞ administrasiyası İsrailin İranın neft infrastrukturuna qarşı həyata keçirdiyi genişmiqyaslı hücumlardan narazılığını ifadə edib.

Musavat.com xəbər verir ki, bu barədə Axios portalı ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqton İsrailin şənbə günü İran ərazisində 30-a yaxın yanacaq saxlama obyektinə zərbə endirəcəyini gözləmirmiş. ABŞ tərəfi daha məhdud və kiçik miqyaslı əməliyyatların həyata keçiriləcəyini düşünürdü.

Portal yazır ki, bu hadisə müharibə başlayandan bəri ABŞ və İsrail arasında ilk ciddi fikir ayrılığına səbəb olub. Amerika rəsmiləri hesab edir ki, belə genişmiqyaslı zərbələr İran cəmiyyətini daha çox birləşdirə, Tehrandakı hakimiyyətin ətrafında konsolidasiyanı gücləndirə və nəticədə dünya bazarında neft qiymətlərinin artmasına səbəb ola bilər.

Mənbələrin sözlərinə görə, İsrail hücum planları barədə Vaşinqtonu əvvəlcədən məlumatlandırıb. Lakin ABŞ hərbi dairələri bu hücumların daha məhdud xarakter daşıyacağını gözləyirmiş. ABŞ rəsmilərindən biri Axios-a açıqlamasında bildirib:

“Biz bunun yaxşı fikir olduğunu düşünmürük”.

Məlumata görə, yaranmış vəziyyətlə bağlı Vaşinqton və Təl-Əviv arasında yaxın günlərdə əlavə məsləhətləşmələr keçiriləcək.

Portal həmçinin yazır ki, ABŞ prezidentinin kürəkəni Cared Kuşner və prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff martın 10-da İsrailə səfər etməyi planlaşdırırlar. Səfərin əsas məqsədlərindən birinin regiondakı vəziyyəti və İsrailin İran hədəflərinə qarşı əməliyyatlarını müzakirə etmək olduğu bildirilir.

 

Musavat.com

Избранный
106
musavat.com

1Источники