Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bir vaxtlar onu “sehirli güzgü”də tez-tez göstərirdilər. Milli mənəviyyatımız, adət-ənənələrimiz, məişətimiz haqqında elə gözəl danışardı ki, insanı düşündürə bilirdi. Heyf, çox heyf ki, televiziyalarımızda şou proqramlar artdıqca, onun kimi ağsaqqal alimlərimizin mənalı söhbətlərinə tamarzı qalmışıq...
Deyir ki:- "Müasir dövrdə keçirilən toyları qətiyyən bəyənmirəm. Toy adət-ənənənin, ritualların yaşam mücrüsüdür. Bu elə bir mücrüdür ki, xalqın mənəviyyatı özünü toyla ehtiva edir. Mən köhnə toyları da görmüşəm. Uşaqlıqda qadın toylarını palaz arasından müşahidə də etmişəm. Bugünkü Azərbaycan toylarında 90 faiz millilikdən əsər-əlamət qalmayıb. Toya "Mendelson" marşı ilə başlayırlar. Halbuki "Vağzalı" ilə başlamalıdırlar. "Vağzalı" kənarda qalıb. Toyda cürbəcür oyunlar çıxarırlar. Diskotekaya çevirillər. Diskoteka nədir? Avropada toylarda şıllaq atırdılar, bu gün bizim toylarda eynisini edirlər. Ona görə də toyları bəyənmirəm. Hətta təklif etmişəm ki, aidiyyəti qurumlar yığılmalı və qərara gəlməlidirlər ki, Azərbaycan toyları necə olmalıdır? Bunu sənədli filmlər vasitəsilə göstərib təbliğ etməlidirlər. Biz gələcək nəsillər üçün bunu qorumalıyıq. Azərbaycan milli mənliyinin qorunmasında adət-ənənələrimizin çox böyük rolu var. Bizim bir olmağımız ənənələrimizlə bağlıdır. Adət-ənənəsi, dili olmayan xalq nə xalqdır ki? O xalq deyil, toplumdur..."
O, 25 noyabr 1952-ci ildə Bakının Şağan kəndində dünyaya gəlib. 1971-ci ildə orta təhsilini başa vuraraq, o vaxtkı Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub və 1975-ci ildə oranı tarixçi-arxivşünas ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1975-ci ildə təyinatla Azərbaycan Milli Elmlər Akademiyasının Tarix institutuna göndərilib.1982-ci ildə tarix elmləri namizədi, 1992-ci ildə isə tarix elmləri doktoru alimlik dərəcələrinə yiyələnib. İndiyədək onun üst-üstə 250 çap vərəqinə yaxın elmi əsərləri, o cümlədən Azərbaycan tarixinə, etnoqrafiyasına, toponimiyasına, dialektologiyasına, folkloruna, maddi mədəniyyətinə dair onlarla monoqrafiyası, kitabçası, dərs vəsaiti, 200-dən yuxarı elmi, elmi-metodik məqalələri çap edilib və tətbiqi etnoqrafiyaya aid bir sıra maraqlı layihələrin həm ideya müəllifi, həm də icraçısı olub. O həm də uzun illər “Ailələr və Talelər”, “Səni Axtarıram” və bir sıra önəmli ictimai-siyasi televiziya proqramlarının eksperti olub. Hazırda Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədridir...
“Artıq dəb halı alıb, kişilər görüşəndə bir-birilərini öpürlər. Kişi də bir-birini öpər? Öpüşmək adətini kim dəbə saldı bilmirəm. O vaxt Bakıda bir kişi digəri ilə öpüşməzdi. Ayıb hərəkət sayılırdı...”- söyləyir.
Həyat enerjisi və yaşamaq həvəsilə dolu insandır. Cəmiyyətdə tez bəyənilən insanlardandır. O, hər hansı bir mövzuda danışmazdan əvvəl o, nə deyəcəyini yaxşı-yaxşı düşünür və müxtəlif mövzularda fikir yürütmək qabiliyyətinə qadirdir. Adətən işləri uğurlu olur. Bu, onun instinktindən irəli gəlir. Özünə tam güvənir və harada olurlarsa olsun diqqəti özünə cəlb etməyi bacarır. Liderlik keyfiyyətləri və insanları idarə etmək və yönləndirmək sevgisi ilə həmişə ipləri əlində saxlaya bilir. Doğuşdan gələn cazibədar görünüşü və enerjisi ilə ətrafındakıları doğru istiqamətə yönəltməkdən çəkinmir....
Deyir ki:- “Qabaqlar toylarda hər adam oynamazdı, toya oynayan gətirərdilər. Onlara mütrüf deyərdilər. Namus deyilən bir məfhum özünü qorumağa səy göstərmirsə, onu dəmir barmaqlıqlar arasında saxlasan da, özünü heç etməyə bir bəhanə tapacaq... ”
...Bəli, bir vaxtlar onu “sehirli güzgü”də tez-tez göstərirdilər. Milli mənəviyyatımız, adət-ənənələrimiz, məişətimiz haqqında elə gözəl danışardı ki, insanı düşündürə bilirdi. Heyf, çox heyf ki, televiziyalarımızda şou proqramlar artdıqca, onun kimi ağsaqqal alimlərimizin mənalı söhbətlərinə tamarzı qalmışıq. Tarix elmləri doktoru Təvəkkül Səlimovu nəzərdə tuturam...
Hörmətlə, Elman Eldaroğlu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.