RU

Özgə həyatına müdaxilə: “Boşan getsin” demək bu qədər asandır?

Sosial mediyaya daxil olan kimi bir neçə reallıqla üz-üzə qalırıq. Hamı danışır, hamı analiz edir, hamı diaqnoz qoyur, hamı fikir bildirir. Bir şey paylaşmağa peşmansan, minlərlə insan “psixoloq” libasına bürünüb sənə məsləhətlər verir.

Heç kəs məsələnin əsli ilə maraqlanmır. Bəzən baxıram, kimsə bir problemi haqqında yazır və bunun üçün hüquqşunaslardan, həkimlərdən, müəllimlərdən və s. peşə adamlarından kömək istəyir. Lakin onlardan başqa hamı məsələyə münasibət bildirir. Paylaşımın altında yüzlərlə rəy yazılır, amma kimin nə dediyini anlamaq mümkün olmur. 

Heç kim dediyi sözün qarşı tərəfdə nə təsir yaradacağını düşünmür. Bir cümlə ilə insanın ailəsini dağıtmaq, münasibətini bitirmək, dostluğunu zədələmək mümkün olur. Amma şərh yazan şəxs üçün bu məsələ heç bir əhəmiyyət daşımır. 

Paylaşımlara baxan hamı qarşı tərəfi günahlandırır. Səbəb nədir? Niyə hələ də məsələlərə tək tərəfli baxmalı olmadığımızı öyrənə bilmirik? Niyə həyatın sadəcə gördüyümüzdən ibarət olduğunu düşünürük?

Anlamırıq ki, həyatımız “Instagram”, “TikTok” postlarından ibarət deyil. Münasibətlər sizin yazdığınız bir cümləlik motivasiya sitatı ilə idarə olunmur. İnsan psixologiyası sizin paylaşdığınız 30 saniyəlik videoməsləhət ilə həll ediləcək qədər sadə deyil.

Ümumiyyətlə, niyə şəxsi həyatınızı və problemlərinizi sosial mediada işıqlandırmaq haqqında düşünürsünüz? Bu sizə nə qazandırır? Əmin olun ki, sizə boşan deyən heç kəs necə dolanacağınız, övladlarınıza necə baxacağınız, necə, harada, hansı şərtlərlə yaşayacağınız haqqında düşünmür.

Hamı travmadan danışır, amma heç kim nəticələrdən danışmır. Hamı sərhədlərdən bəhs edir, amma heç kim qarşısındakı ilə empatiya qurmağa çalışmır. Bir hadisənin yalnız görünən tərəfinə baxıb hökm vermək artıq normal hala çevrilib. Sanki hər kəs öz həyatındakı boşluqları başqasına məsləhət verməklə doldurmağa çalışır. Belə olmalı deyil axı. Hər şey bu qədər sadə və asan deyil.

Əslində, problem məsləhətdə də deyil, problem kontekstsiz məsləhətlərdədir. Bir insanın yaşadığı situasiyanı bilmədən ona “get”, “qal”, “boşan”, “dözmə” demək dəstək deyil, manipulyasiyadır. Çünki hər qərarın arxasında görünməyən səbəblər mütləq ki, var.

Sosial mediada formalaşan bu “məsləhət epidemiyası” cəmiyyətə təhlükəli bir mesaj verir. Sanki hər kəs başqasının həyatına müdaxilə edə bilər. Halbuki, bəzən ən böyük dəstək susmaq və  dinləməkdir.

Bəlkə də problem ondadır ki, biz dinləməyi unutmuşuq. Hamı danışmaq, istiqamət vermək, yol göstərmək istəyir. Amma heç kim əsas problemin nə olduğu ilə maraqlanmır. Bu cəmiyyətdə hamı əxlaq polisidir, həkimdir, vəkildir, psixoloqdur. Bu cəmiyyətdə hamının hər şey haqqında fikri və məsləhəti var.

Sosial medianın ən böyük paradoksu da elə budur. Hamı məsləhət verir, amma heç kim verdiyi məsləhətə görə məsuliyyət daşımır…

Ən qəribəsi odur ki, bütün bunlar “dəstək” adı altında edilir. Guya kimlərəsə kömək edirik. Halbuki bəzən bir cümlə ilə çox şeyi dağıdırıq, bir “boşan getsin” şərhi ilə kiminsə həyatında geri dönüşü olmayan izlər buraxırıq.

Başqalarının geyimini, yaşadığı həyat, yediyi yemək, gəzdiyi yerlər, bir sözlə, hər şey haqqında bir fikrimiz var. Ağıza-bozuna baxmdan müzakirə edirik. Kimliyindən asılı olmayaraq, hamı haqqında danışmağa sözümüz var.

Bəlkə də problem ondadır ki, sosial media bizə söz deməyi öyrəyib, amma susmağın məsuliyyətini öyrətməyib…

Aydan Hacı 


Telegram kanalımız
Избранный
118
yenisabah.az

1Источники